"Məhkəmə də bizi dayandırmayacaq, güzəştə getməyəcəyik" - Netanyahu
İsrailin baş nazirinin sözlərinə görə, Qəzza sektorunun şimalında döyüşlər davam etdiyi müddətdə fələstinlilərin buraya qayıtmasına icazə verilməyəcək.
Bu barədə Benyamin Netanyahu jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, bu qərar beynəlxalq qanunvericiliyə uyğundur.
“Beynəlxalq hüquq sadə bir şey deyir – təhlükə yaranmazdan əvvəl mülki əhalini təxliyə etməlisiniz. İndi Qəzzanın şimalında şiddətli döyüşlər gedir və döyüşlər davam etdikcə biz əhalini bu əraziyə geri qaytarmayacağıq”, – deyə Netanyahu bildirib.
İsrail hökumətinin başçısı həmçinin bildirib ki, İsrail Qəzza sektoru və Misir sərhədi boyunca “Filadelfiya dəhlizi” üzərində nəzarəti saxlamağı nəzərdən keçirir.
“Bu çıxışı bağlamadan müharibəni bitirə bilmərik. Əks halda, “HƏMAS”ı məhv edib Qəzzanı tərksilah edə bilməyəcəyik, çünki o zaman cənub çıxışından daha çox silah Qəzzaya daxil olacaq. Aydındır ki, biz onu bağlamalıyıq. Bir neçə ehtimal var və biz hələ qərar verməmişik”, – Netanyahu bildirib.
İsrailin baş naziri həmçinin bildirib ki, Cənubi Afrika Respublikasının İsraili soyqırımda ittiham etdiyi Beynəlxalq Ədalət Məhkəməsinin qərarından asılı olmayaraq Qəzza sektorunda hərbi əməliyyatlar dayanmayacaq.
“Yeni nasist tərəfdarları bizi soyqırımda ittiham etməyə cəsarət edir. Biz yeni nasistlər olan “HƏMAS” canavarlarına qarşı misli görünməmiş əxlaq və ədalət döyüşündəyik. Biz qələbə yolundayıq və qalib gələnə qədər dayanmayacağıq. Biz güzəştə getməyəcəyik və dayanmayacağıq”, – Netanyahu bildirib.
İsrail hökumətinin başçısı həmçinin bildirib ki, İsrail hökuməti hazırkı mərhələdə İsrail ordusunun 7 oktyabr hücumundan əvvəl mümkün səhvləri ilə bağlı kənar araşdırma aparmağı istisna edir və bu, Netanyahunun fikrincə, əks nəticə verəcəkdir.
“Məncə, heç kim müdafiə qüvvələrinin komandirlərinin müharibə etmək əvəzinə vəkil axtarmasını istəmir”, – deyə İsrailin baş naziri bildirib.