Putinin böyük qızı ilk dəfə danışdı – ancaq 42 dəqiqəlik müsahibədə atası haqqında heç nə demədi...
Rusiya prezidenti Vladimir Putinin böyük qızı Mariya Vorontsova Moskva meriyasına bağlı qeyri-kommersiya təşkilatı olan Medtech.Mocsow-a açıqlama verib.
Dekabrın 16-da baş tutan, lakin YouTube-a yeni yüklənən müsahibə bütün dünyanın diqqətini çəkib. Çünki Putinin illərdir gözdən kənarda qalan 38 yaşlı qızı Vorontsova ilk dəfə öz həyatı ilə bağlı təfərrüatlardan danışıb.
Həyatı barədə Kreml tərəfindən heç nə paylaşılmayan 38 yaşlı Vorontsova Putinin keçmiş həyat yoldaşı Lüdmila Putinadan olan iki qızından biridir. 1985-ci il təvəllüdlü Vorontsova uşaq endokrinoloqu və hollandiyalı iş adamı Jorrit Joost Faassen ilə evlidir.
42 dəqiqəlik müsahibə zamanı Putinin atası olmasından və ya Putinlə münasibətlərindən danışmayan Vorontsova hobbilərindən və boş vaxtlarını necə keçirməsindən danışıb. Müsahibənin aparıcısı və “Medtech.Moscow”un baş direktoru Vyaçeslav Şulenin də gənc qadına atası ilə bağlı heç bir sual verməyib.
Xizək sürməyi çox sevdiyini bildirən Vorontsova idman həvəskarı olduğunu ifadə edib: "Həftədə ən azı bir neçə saatımı sağlam həyat tərzinə və idmana ayırıram. Gözəl olan hər şey mənim üçün ilham mənbəyidir: Rəsm əsərləri, muzeylər, teatrlar, musiqi”.
Qeyd edək ki, Mariya Vorontsova və bacısı Katerina Tixonova atalarının Ukraynaya hücum əmri verməsindən sonra ABŞ və Avropa tərəfindən sanksiyalara məruz qalıblar.
TAHİR