Trampdan Baydenin Yəmənin vurulması əmrinə sərt reaksiya - səbəbsiz yerə 3-cü Dünya Müharibəsinə girəcəyik
ABŞ və Böyük Britaniyaya məxsus döyüş təyyarələri ötən gecə Yəmənin Səna, Hudeydə və Taiz şəhərlərində bəzi hədəflər hava zərbələri endirib. Hücumlarla bağlı ətraflı məlumat paylaşılmasa da, sosial media hesablarında hava zərbələrinin görüntüləri paylaşılıb. ABŞ prezidenti Co Bayden hücumların husilərin Qırmızı dənizdəki hücumlarına cavab olduğunu deyib.
“Bu gün mənim göstərişimlə ABŞ hərbi qüvvələri Böyük Britaniya ilə birlikdə Avstraliya, Bəhreyn, Kanada və Hollandiyanın dəstəyi ilə Yəməndə husi üsyançılarının istifadə etdiyi bəzi hədəflərə hava hücumu təşkil edib" - Bayden deyib
ABŞ-ın 45-ci prezidenti Donald Tramp isə gecə saatlarında Yəmənin bombalanmasına sərt reaksiya verib. Sosial media hesabında video paylaşan və Baydenə qarşı sərt sözlər işlədən Tramp Baydenin ABŞ-ı III Dünya Müharibəsinə sürüklədiyini deyib.
"Budur, Bayden tərəfindən başladılan başqa bir müharibə. Deyirdilər ki, mən III Dünya Müharibəsinə səbəb olacam. Bu dəli adam, F-22 təyyarələri və Tomaqavk raketlərini Yəmənə qarşı istifadə edir. Niyə? Bayden sadəcə axmaq və bacarıqsız deyil, o həm də açıq immiqrasiya siyasəti ilə bütün ölkəni yerlə-yeksan edən çılğın bir adamdır. O, ABŞ-ı cəhənnəmə çevirən bir fəlakətdir. Bu adama görə səbəbsiz yerə 3-cü Dünya Müharibəsinə girəcəyik. Mən bütün müharibələrə qısa müddətdə son qoyacağıma söz verirəm” – deyə Tramp bildirib.
TAHİR