Anklav olan və olmayan kəndlərimizin işğaldan azadlığı belə baş verəcək...
Əli Mustafa: “Onlara hələ ki, diplomatik yol təklif olunur”
Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Ermənistanla aramızda müzakirə mövzusu olan anklav kəndlər məsələsinə də toxunub.
Prezidentin sözlərinə görə, bu kəndıərin heç də hamısı anklav deyil, onların arasında qeyri-anklavlar da var: “O ki qaldı işğal altında olan kəndlərə - bizim təklifimiz də hesab edirəm ki, çox məntiqlidir – orada (Qazaxın kəndləri nəzərdə tutulur) bildiyiniz kimi, anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav deyil – 4 kənd – onlar Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki, anklavdır – Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir – bununla bağlı ayrıca ekspert qrupu yaradılmalıdır və bu, müzakirə edilməlidir:
“Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır, bu anklavlara gedən yollara şərait yaradılmalıdır və bu anklavlara oranın sakinləri yerləşdirilməlidir. Yəni bizim mövqeyimiz bundan ibarətdir.
Ermənistanın mövqeyi nədən ibarətdir, biz bunu başa düşə bilmirik”.
Prezidentin təklif etdiyi bu mexanizm iki ölkə arasındakı anklav mübahisəsini tam həll edə bilərmi?
Müstəqil siyasətçi Əli Mustafa “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələ ilə bağlı Prezidentin yanaşması olduqca məntiqli, ədalətli, hüquqa uyğundur: “Söhbət ondan gedir ki, bizim bəzi kəndlərimiz birbaşa Azərbaycana bitişikdir. Burda mübahisə yoxdur. Kəndlərin qaytarılmasına heç bir maneə yoxdur və dərhal qaytarılmalıdır. Amma, o kəndlər ki, ətrafı erməninin, ərazisi bizimdir, onlarla bağlı araşdırmalar olmalıdır. Düşünürəm ki, məsələlərin tarixi - hüquqi tərəfi araşdırılmalıdır. Ermənistan burada hansı mövqeyi tutmağından asılı olmayaraq o əraziləri güzəştə getməlidir. Ancaq, problemin mahiyyəti nədən ibarətdir? Mahiyyət odur ki, ermənilər işğal etdikləri yeri vermək istəmirlər. Onu məcbur etməsən, başına dəmir yumruğu vurmasan çıxmaq istəməyəcəklər. O kəndləri də işğal zonaları kimi saxlamaq istəyirlər. Ancaq, bu heç vaxt ola bilməz. Sadəcə, Prezidentin təklif etdiyi həll bir qədər mərhələli, səliqəli həldir. Amma, əslində bu ərazilər Azərbaycanın süveren ərazisi olduğuna görə, bu əraziləri istənilən formada almaq bizim haqqımızdır. Bir qədər də dərinə getsək, bu erməni işğalı olduğu üçün müharibə səbəbidir. Biz xoşluqla da, müharibə yolu ilə də bu əraziləri ala bilərik. Onlara hələ ki, diplomatik yol təklif olunur. Onlar da bunu anlayıb, kəndlərimizi qaytarsalar çox yaxşı olar”.
Məsələ ondan ibarətdir ki, tərəflər mübahisəli mövzularda - məsələn, sərhədlərin delimitasiyası, anklavlar məsələsi və nəqliyyat kommunikasiyalarının bloklanması ilə bağlı razılığa gəlməyə nə dərəcədə hazırdırlar. Ola bilsin ki, Bakı ilə İrəvan arasında bu məsələlərlə bağlı artıq bəzi qeyri-ictimai razılaşmalar var və o zaman həqiqətən də sülh müqaviləsinin imzalanmasının sürətlənməsini müşahidə etmək olar. Bununla belə, danışıqlarda xeyli gecikmələrin olması ehtimalı var. Bakı ilə İrəvan arasında sülh sazişi üzrə danışıqların hələ yekunlaşmadığını nəzərə alsaq, anklavlarla bağlı mübahisələr Ermənistanı daha pis vəziyyətə sala bilər. Yaxşı olardı ki, Ermənistan Prezidentin təklif etdiyi modeldən nəticə çıxarıb, konstruktivlik nümayiş etdirsin.
Məhəmmədəli QƏRİBLİ