Bakıda yeni parklanma sistemi niyə tam elektronlaşdırılmır?...
Məlumdur ki, Azərbaycanda yeni parkinq qaydaları qüvvəyə minib. Ölkəmizdə ilk dəfədir ki, nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçirilir. Yeni qaydalara əsasən, nağd ödənişlər qanunsuz hesab olunur.
Məlum olduğu kimi, ölkəmizdə avtomobillərin parklanmasına görə yeni qaydalar iyunun 25-də Nazirlər Kabineti (NK) tərəfindən qəbul edilib. Müvafiq qərar parklanma yerlərində nizam-intizamın yaradılmasına xidmət edir. Lakin müşahidələr göstərir ki, nağdsız ödəniş sisteminin tətbiqi bəzi sürücülərin ürəyincə deyil. Belə ki, parkinq qaydalarına görə cərimə nağdsız olsa da, nəqliyyat vasitələrinin müəyyən fiziki şəxslərin iştirakı narazılıq yaratmağa başlayıb. Proses onlayn tətbiq üzərindən gedirsə, fiziki şəxslərin prosesdə iştirakı nə dərəcədə doğrudur?
Aslan Əsədov: “Parkinqlə bağlı hələ də nağd qaydada müəyyən ərazilərdə çalışan insanlar var, bu da narazılığa, söz-söhbətə səbəb olur”
Nəqliyyat eksperti Aslan Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, məlum problemin həll olunması ilə bağlı çatışmayan cəhətlər var: “İlk olaraq deyim ki, tətbiqin istifadəyə verilməsindən sonra onun mənfi və müsbət cəhətləri ortaya çıxdı. Müsbət tərəfi ondan ibarətdir ki, onlayn şəkildə qarajda boş yerin olub-olmamasını bilmək olur. Həmçinin, bir neçə texniki üstünlükləri də var. Bu da innovasiyanın sürətli inkişafı ilə bağlıdır. Mənfi tərəf isə odur ki, parkinqlə bağlı hələ də nağd qaydada müəyyən ərazilərdə çalışan insanlar var. Bu da narazılığa, söz-söhbətə səbəb olur”.
Eldəniz Cəfərov: “Parklanma ödənişləri konkret şəxslərin cibinə deyil, dövlətin büdcəsinə toplanmalıdır”
Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, mobil tətbiq müsbət yenilikdir. Vətəndaşı maraqlandırmır, ödəməni nağd həyata keçirir, yaxud nağdsız - SMS yoluyla və ya internet üzərindən. Vətəndaş üçün əsas bu prosesin rahat olmasıdır: “Sürücü bilməlidir ki, avtomobilini harda park edə bilər və bunun dəyəri nədir. Mobil tətbiq hökumət üçün sərfəlidir, çünki ödəmələrə nəzarət olunacaq artıq. Parklanma ödənişləri konkret şəxslərin cibinə deyil, dövlətin büdcəsinə toplanmalıdır. Bu, yaxşıdır. Amma prosesdə çatışmazlıqlar var. Əvvəlcə bunu qeyd edim ki, parkinq məsələsində mobil tətbiq təcrübəsi dünyada mövcuddur, o cümlədən də, Rusiyada. Amma Rusiyadakı mobil tətbiq daha çoxşaxəli, daha funksionaldır. Bu, özünü idarəetmədə, ödəmənin rahatlığında, tətbiqin zənginliyində, informasiya bolluğunda göstərir. Bizdə isə informasiya kasadlığıdır. Mobil tətbiqin özü barədə vətəndaşa daha ətraflı məlumat verilməlidir. Vətəndaş bilməlidir ki, mobil tətbiq mümkün olmadığı halda hansı vasitədən istifadə edə biləcək. Ödəmə terminalları varmı və gərəkən saydadırmı, bu da bilinmir. Ən əsası, vətəndaşa parklanma yerlərinin dəqiq ünvanı bildirilməlidir. Bəli, proses yeni başlayıb və bildirilir ki, mərkəzdən, 1-ci zonadan başlanılıb. Bəs digər ərazilər? Hamı mərkəzdə yaşayır məgər? Paytaxtın digər ərazilərində parklanma qaydaları necədir, bilinmir. Cəmi bir neçə parklanma yeri qeyd edilib. Bakı kimi sıx şəhər üçün cəmi bir neçə parklanma yeri təbii ki, çox azdır. Bu durum sürücülərlə "parkovşik"lər arasında mübahisə və anlaşılmazlıqların davam etməsinə səbəb olacaq. Parklanma nişanı olmayan yerdə avtomobilni saxlamaq məcburiyyətində olan sürücü yenə "parkovşik"lərə nağd ödəmə edəcək. Çünki buna məcburdur. Sürücü hardan bilsin ki, parklanma yeri dövlətə məxsusdur, yaxud özəldir? Heç bir nişan yoxdur. "Parkovşik" də deyir, pulludu, pul verməlisən. Nə etməliyəm? Onunla əlbəyaxa olmalıyam? Sürücü bu vəziyyyətdə etiraz edə bilmir axı”.
Günel CƏLİLOVA