Paşinyan sülh sazişində “Qarabağ erməniləri” sözlərindən imtina etdi...
Tural İsmayılov: “Sülh müqaviləsində Qarabağla bağlı hər hansı məqam yer ala bilməzdi”
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində dedi ki, hazırda Ermənistanın sülh sazişinə dair cavab şərhində Qarabağla, Qarabağ erməniləri ilə bağlı bir kəlmə də yoxdur:
“Biz onu artıq rəsmi qaydada bildirəndə ki, 70 gün, yəni o vaxt deyəsən 60 gün gözləyirik, ondan sonra təklif verdilər və hazırda onların təklifində, yəni onların şərhlərində Qarabağla, Qarabağ erməniləri ilə bağlı bir kəlmə belə yoxdur. Yəni, bu mövzu artıq çıxarılıb və faktiki olaraq sülh müqaviləsinin imzalanması üçün real şərait məhz indi yaradılıb - məhz sentyabr əməliyyatından sonra yaradılıb”.
Ermənistanla sülh sazişi sənədində Qarabağla bağlı məqamın olmaması çox önəmli amildir. O baxımdan bütün bunlar nəyin göstəricisidir və ekspertlər bunu necə dəyərləndirir?
“Paşinyan bunun fərqində olduğu üçün bununla bağlı açıq təxribata getməkdən çəkinir”
Sözügedən məsələyə aydınlıq gətirən politoloq Tural İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsində Qarabağla bağlı hər hansı məqam yer ala bilməzdi. Çünki nəzərə almaq lazımdır ki, Azərbaycan öz torpaqlarını azad edibdir. Bundan sonra Ermənistanın Qarabağla bağlı məsələni Azərbaycanla danışıqlarda və yaxud da Bakı ilə sülh məsələsində bir variant kimi nəzərdən keçirməsi çox kobud bir səhv olardı. Çox kobud səhv olmaqla yanaşı, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi baxımından da ciddi bir yanlışlıq olardı. Paşinyan bunun fərqində olduğu üçün bununla bağlı açıq təxribata getməkdən çəkinir. Cənab Prezidentin müsahibəsində də Azərbaycanla Ermənistan arasında sülhün gələcəyi ilə bağlı çox konkret və dəqiq mesajlar var idi. Bu baxımdan hesab edirəm ki, sözügedən məsələdə hansısa süni manipulyasiya cəhdləri Ermənistan tərəfindən aparılmağa çalışılsa da reallıqda heç bir perspektiv yoxdur. Azərbaycan Qarabağ və Qarabağ erməniləri məsələsinin, Bakı-İrəvan münasibətlərinin gələcəyində bir variant olaraq nəzərdən keçirilməsinə əsla icazə verə bilməz. Çünki ölkəmizin konkret olaraq bununla bağlı mövqeyi var. O da ondan ibarətdir ki, Qarabağ məsələsi həll olunub. Ermənistanla imzalanacaq sülh məsələsində Azərbaycanın daxili işi olan mövzular müzakirə predmeti ola bilməz. Azərbaycan istənilən halda bunun danışıq predmetinə çevrilməsinə imkan verə bilməz. Bu baxımdan Cənab Prezidentin müsahibəsində sözügedən məqamlar xüsusi vurğulanır. Bir daha Ermənistan-Azərbaycan danışıqlarında hansısa süni məsələləri variant kimi istifadə etməyə çalışan həm İrəvana, həm də onun havadarlarına aydın cavab verildi. Yəni, sülh müqaviləsi imzalanacaqsa, bununla bağlı delimitasiya və digər məsələlər Azərbaycanla müzakirə edilməlidir. Azərbaycanın daxili işi olan məsələlər əsla müzakirə mövzusu ola bilməz”.
Vidadi ORDAHALLI