Zaxarova Ermənistana barmaq silkələdi - sülhməramlıları təhqir edənlərin cavabını verəcəyik...
Ermənistanın rus sülhməramlılarının fəaliyyəti ilə bağlı açıqlamaları destruktiv xarakter daşıyır. Trend xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə deyib.
"Biz bu açıqlamaları görürük. Biz onları destruktiv, ən əsası isə həqiqətə uyğun olmayan hesab edirik. Qəribədir ki, onlar davam edir. Bizim Ermənistan Xarici İşlər Nazirliyindən həmkarlarla çox yaxşı, etibarlı dialoqumuz qurulub.
Biz dəfələrlə bu açıqlamalarla bağlı Rusiyanın mövqeyini bildirmişik, onların ikitərəfli münasibətlərə təkcə yeni problemlər gətirmədiyini, həm də heç nəyə - nə ikitərəfli gündəmin möhkəmlənməsinə, nə də regional problemlərin həllinə imkan yaratmadığını demişik. Əfsuslar olsun ki, görünür, bu orada kimlərinsə işinə yarayır. Bunun Ermənistanın işinə yaradığını, yoxsa Ermənistandan kənarda kiminsə işinə yaradığını bilmirəm. Demək çətindir", - o deyib.
Zaxarovanın sözlərinə görə, bu cür açıqlamalar məsuliyyəti öz üzərindən götürmək xatirinə faktları təhrif etmək cəhdləridir.
Bundan başqa, o, heç kimin rus sülhməramlılarını təhqir etmək haqqına sahib olmadığını vurğulayıb.
"Təhqir edənlərin isə cavabını verəcəyik", - Rusiya XİN nümayəndəsi deyib.
Xatırladaq ki, bir qədər əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan rus sülhməramlılarının "Qarabağın dinc əhalisini müdafiə etmədiklərini" bildirib.