İşğal dövründə “xalq diplomatiyası” ermənilərə xidmət diplomatiyası idi... Prezident ifşa etdi...
Ceyhun Məmmədov: “Məqsəd Azərbaycan xalqını işğalla barışmağa məcbur etmək idi”
“30 il ərzində bir çox beynəlxalq tərəfdaşlarımızın səylərinə baxmayaraq, bu mövzu unudulmadı”. Bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
Ölkə başçısının sözlərinə görə, bütün bu səylərə baxmayaraq, Qarabağ mövzusu unudulmadı: “Bu, ümummilli bir məsələyə çevrildi, ümummilli hərəkata çevrildi və 30 il ərzində bir çox beynəlxalq tərəfdaşlarımızın səylərinə baxmayaraq, bu mövzu unudulmadı. Bunu bizə unutdurmaq istəmişdilər. Müxtəlif bəhanələr altında - Ermənistanla əməkdaşlıq, insanları, cəmiyyətləri sülhə hazırlamaq üçün müxtəlif QHT-lər vasitəsilə təmasların yaradılması məhz o məqsədi güdürdü ki, Azərbaycanda yetişən gənc nəsil bu məsələdə fərqli istiqamətdə yetişsin. Bizim isə məqsədimiz o idi ki, yetişən gənc nəsil vətənpərvər olsun, heç vaxt bu ədalətsizliklə barışmasın və əgər bizə nəsib olmazsa bu tarixi ədaləti bərpa etmək, gələcək nəsillər onu etməlidir”.
“İstəyirdilər ki, torpaqlar işğaldan azad edilmədən iki ölkə arasında münasibətlər bərpa olunsun”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən millət vəkili Ceyhun Məmmədov hesab edir ki, həqiqətən də uzun müddət Qərbin maraqlarından çıxış edən dairələr uzun müddət Ermənistanla birlikdə Azərbaycan xalqının məğlubiyyətlə barışmasına səy göstərdilər: “Bütün bunlarda məqsəd o idi ki, torpaqlar işğaldan azad edilmədən iki ölkə arasında münasibətlər bərpa olunsun. Bununla bağlı çoxsaylı səylər göstərdilər. Bunda əsas hədəf və məqsəd Azərbaycan xalqını işğalla barışmağa məcbur etmək idi. Həmçinin bu məqsədlə böyük məbləğdə vəsaitlər sərf edildi və davamlı olaraq təbliğat da aparılırdı ki, insanlar bu məsələni unutsunlar. Bir sözlə, torpaqların itkisi ilə barışsınlar. Ermənistan da ərazilərimizi həmişəlik işğal altında saxlasın. Əsas hədəf və məqsəd bundan ibarət idi. Azərbaycan dövləti, xalqı bütün bunları bildiyi üçün bununla barışmaq niyyətində deyildi. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan uzun müddət torpaqların işğaldan azad olunması üçün ciddi addımlar atdı. Nəhayət uyğun bir əlverişli geosiyasi məqamda ərazilərimizi işğaldan azad etdik. Prezidentin bir daha bu məsələni xatırlatması, hesab edirəm, həm də o mənada önəmlidir ki, insanarımız bu məkrli cəhdləri, planları heç vaxt unutmamalıdılar. Bilməlidilər ki, bir vaxtlar Azərbaycana qarşı belə xain planlar var idi. Həmin xain planların qarşısını Prezidentin başçılığı ilə Azərbaycan xalqı qətiyytlə ala bildı. O üzdən, biz bu anlamda reallıqları unutmamalıyıq və çalışmalıyıq ki, belə məkrli planları hər zaman ifşa edək. Bu gün təəssüf ki, müxtəlif fikirlər səsləndirilir və təxribat xarakterli müəyyən planlar qurulur. Ona görə də biz bu kimi məsələlərdə maksimum diqqətli və ayıq-sayıq olmalıyıq. Onu da qeyd edim ki, belə xain planlar həm də sözügedən dövlətlərin mahiyyətini açıq-aşkar ortaya qoyur. O baxımdan biz hər zaman diqqətli olmalıyıq”.
Vidadi ORDAHALLI