Bakı Təmas Qrupu Fransa müstəmləkəçiliyinin sonunadək yaşayacaq...
Azər Həsrət: “Fransanın müstəmləkəçilik siyasəti onu deməyə əsas verir ki, bu təşəbbüs hələ çox yaşayacaq”
“Qoşulmama Hərəkatında sədrliyimiz başa çatır, amma Bakı Təşəbbüs Qrupu yaşayacaq”. Bu sözləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
“Biz fransız neokolonializminin ifşa olunmasını və fransız müstəmləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyik”, - deyə dövlət başçısı əlavə edib.
Dövlət başçısı Bakı Təşəbbüs Qrupunun yaşayacağını bildirib. Maraqlıdır, adıçəkilən qrupun gələcəyi necə təsəvvür olunur? Ümumiyyətlə, qrupun işi nə vaxt bitəcək?
“Sadəcə müstəmləkəçilik, neokolonializm kimi məsələlər deyil, digər qlobal əhəmiyyətli problemlərlə də bağlı Bakı Təşəbbüs Qrupu fəaliyyət göstərə bilər”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Təşəbbüs Qrupunun fəaliyyəti yaxın zamanlarda başa çatmayacaq. Çünki görüləcək işlər hələ çoxdur: “Məlumdur ki, Bakı Təşəbbüs Qrupu ilkin olaraq müəyyən addımlar atır, bu istiqamətdə də lazımi işlər görülür. Hesab edirəm ki, gələcəkdə bu Təşəbbüs qrupu daha qlobal bir təşəbbüs kimi formalaşacaq. Bu səbəbdən də adıçəkilən qrupun fəaliyyətinin dayandırılması gözlənilmir. Nəzərə almaq lazımdır ki, Fransanın müstəmləkəçilik siyasəti onu deməyə əsas verir ki, bu təşəbbüs hələ çox yaşayacaq. XXI əsrdə yaşamağımıza baxmayaraq, dünyada Fransa kimi dövlətlər müstəmləkəçilik siyasətindən əl çəkmir. Belə olduğu halda Bakı Təşəbbüs Qrupunun fəaliyyəti uzun olacaq. Əlbəttə, könül istərdi ki, bu tip qrupların fəaliyyəti qısa müddətli olsun. Ancaq zəruri problemlər həll edilmədikcə Təşəbbüs davam etməli olacaq”.
Həmsöhbətimiz hesab edir ki, Bakı Təşəbbüs Qrupunun fəaliyyət istiqaməti gələcəkdə daha da genişləndiriləcək. Sadəcə müstəmləkəçilik, neokolonializm kimi məsələlər deyil, digər qlobal əhəmiyyətli problemlərlə də bağlı Bakı Təşəbbüs Qrupu fəaliyyət göstərə bilər.
Günel CƏLİLOVA