"Jurnalistikamız keyfiyyətli inkişaf mərhələsinə qədəm qoyub" - Əhməd İsmayılov
Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirədə çıxışı zamanı bildirib ki, seçkilərin mediada işıqlandırılması, səmərəli kommunikasiyanın qurulması üçün bütün imkanlar yaradılıb.
Ə.İsmayılov vurğulayıb ki, növbədənkənar Prezident seçkiləri ölkənin siyasi həyatında əlamətdar hadisə olmaqla yanaşı medianın öz peşəkarlıq səviyyəsini nümayiş etdirməsi, cəmiyyəti ictimai məzmunlu məlumatlarla dolğun formada və operativ qaydada təmin etməsi üçün əhəmiyyətli fürsətdir: “Seçkilərin mediada işıqlandırılması, səmərəli kommunikasiyanın qurulması üçün bütün imkanlar yaradılmışdır. Söz və məlumat azadlığının təmin edilməsi, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların müstəqilliyinin gücləndirilməsi istiqamətində son illər həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycan mediasının peşəkarlıq səviyyəsi daha da yüksəlmiş, jurnalistikamız keyfiyyətli inkişaf mərhələsinə qədəm qoyub. Yeri gəlmişkən, dünən Prezident yerli televiziya kanllarımızın əməkdaşlarına verdiyi əhatəli və konseptual xarakterli müsahibəsində növbədənkənar Prezident seçkilərini zəruri edən amillərlə bağlı öz dəyərli fikirlərini bildirmiş, bu mərhələni dövlətçilik tariximizidə yeni dövrün başlanğıcı adlandırıb. Təbii ki, 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyimizin tam bərpa olunması yeni dövrün başlanğıcıdır. Prezident seçkiləri ilk dəfə olaraq müstəqil Azərbaycanın bütün ərazisində keçiriləcəkdir. Dövlət başçımızın da vurğuladığı kimi, prezident seçkiləri dövlətçilik tariximizin yeni dövrünə, yeni inkişaf mərhələsinə xeyir-dua verəcəkdir”.
Mətləb