Son 2 ildə universitetlərimizə xaricdən minə yaxın müəllim gəlib - axının səbəbi və təhlükəsi....
Nizami Hüseynov: “Əcnəbi müəllimlər daha çox ali və peşə təhsilinə cəlb olunurlar, həmçinin özəl liseylərdə də belə müəllimlər çalışır”
2023-cü ildə əcnəbi və vətəndaşlığı olmayan professor və müəllim heyəti üçün 500-ə yaxın yaşama icazəsi rəsmiləşdirilib. Bunu bu günlərdə açıqlama verən Dövlət Miqrasiya Xidməti Baş idarə rəisinin müavini Tamilla Hacıyeva "Azərbaycanda beynəlxalq təhsil imkanları" adlı tədbirdə çıxışı zamanı deyib.
O da qeyd edilib ki, Azərbaycanın təhsil müəssisələrində işləyən əcnəbi müəllimlərin sayı artır. 2022-ci il ərzində isə qeyd olunan kateqoriyadan olan şəxslər üçün 402 yaşama icazəsi rəsmiləşdirilib.
Maraqlıdır, əcnəbi müəllimlər Azərbaycana niyə axışır?
“Azərbaycan ali təhsil müəssisələrinə nə qədər savadlı və tanınmış alimlər cəlb edilərsə, bu, təhsilin keyfiyyətini və səviyyəsini artıracaq”
Təhsil eksperti Nizami Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda ən çox çalışan xarici mütəxəssislər alman, yapon və digər əcnəbidilli mütəxəssislərdir: “Xaricdən gələn mütəxəsislər əsasən dil fənlərini tədris edirlər. Texniki sahələr üzrə mütəxəssislərlə bağlı da qabaqcadan dövlətlər arasında razılıqlar əldə olunur. Dövlətlər arasında razılaşma ilə gələn mütəxəssislər əsasən dövlət universitetlərində dərs keçirlər. Əcnəbi müəllimlər daha çox ali və peşə təhsilinə cəlb olunurlar. Həmçinin özəl liseylərdə də belə müəllimlər çalışır.
Onu da deyim ki, xarici müəllimlərin həm müsbət cəhətləri, həm də mənfi cəhətləri mövcuddur. Hər xaricdən gələn müəllim yaxşı müəllim ola bilməz. Xarici müəllimlərin dərsləri adətən interaktiv şəkildə keçirilir. Çünki onlar təhsil alanda belə interaktiv şəkildə dərslər alıblar. Xarici müəllimlərin əksəriyyəti ingilis dili və ya digər dilləri bildiyindən, onların daha geniş bir çərçivədə tədqiqat aparmaq, informasiyalar əldə etmək, dünyanın aparıcı kitablarını oxumaq üçün geniş imkanları var. Bu cəhətdən də onlar informasiya tapmaqda elə də çətinlik çəkmir. Danılmaz faktdır ki, xarici müəlimin dərsində yerli müəllimin dərsinə nisbətən sərbəstlik olur. Tələbə sıxılmır. Bundan başqa, yerli müəllimlərin tədrisində aktiv metod daha çox istifadə olunursa, xarici müəllimlərdə interaktiv metod üstünlük təşkil edir. Tələbələr daha çox xarici müəllimlərə üstünlük verirlər. Bu gün Azərbaycanda çoxlu xarici müəllim var. Və onlar əsasən ingilis dili dərslərini tədris etməklə məşğuldurlar”.
Ekspertin sözlərinə görə, Azərbaycan ali təhsil müəssisələrinə nə qədər savadlı və tanınmış alimlər cəlb edilərsə, bu, təhsilin keyfiyyətini və səviyyəsini artıracaq.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bu gün ölkədə 12 mindən çox əcnəbi tələbə təhsil alır. Bu da əcnəbi müəllimlərin Azərbaycandakı ali təhsil müəssisələrinə cəlb olunmasını şərtləndirən amillərdəndir.
Günel CƏLİLOVA