Lokal antiterror tədbirlərində şəhid olanların ailə üzvlərinə təqaüd ödənişləri barədə rəsmi açıqlama...
Lokal antiterror tədbirlərində şəhid olanların ailə üzvlərinə təqaüd ödənişləri davam etdirilir. Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuat konfransı zamanı çıxışında deyib.
"Bəzi hallarda ödnişlər üçün sənədlər fondun əməkdaşları tərəfindən toplanır. Ödənişlər proaktiv qaydada təyin olunur. Bu əməliyyatlarda iştirak edənlərə ödənişlərin verilməsi onların məlumatları zəfər altsisteminə salındıqca həyata keçirilir. Bu prosesdə hər hansı ləngimə ola bilməz", - o qeyd edib.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.
Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyub, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunublar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edib, qeyri-qanuni erməni silahlı dəstələri buraxılıb.