Yaxın Şərqdə müharibənin miqyası genişlənir - ABŞ hazırlıqlara başladı...
Bayden çətin seçki kampaniyasının ortasında Yaxın Şərqdə hərbi müdaxilə qərarı verə bilər...
ABŞ administrasiyası Qəzzada müharibənin genişlənəcəyi ilə bağlı hazırlıqlara başlayıb. “Politico” jurnalı müharibə genişlənəcəyi təqdirdə bu il prezident seçkilərinə hazırlaşan Baydenin vəziyyətini gərginləşdirə biləcəyini yazıb. Jurnal yazır ki, proseslər prezident Baydeni çətin seçki kampaniyasının ortasında mürəkkəb Yaxın Şərq münaqişəsinin mərkəzinə çəkə bilər.
Bildirilir ki, Bayden administrasiyası Qəzzadakı müharibənin daha geniş, uzunmüddətli regional münaqişəyə çevrilə biləcəyindən getdikcə daha çox narahat olur və bununla bağlı planlar hazırlayır. Məsələ ilə tanış olan dörd yüksək rütbəli məmur, o cümlədən yüksək səviyyəli administrasiya rəsmisi, ABŞ-ı başqa bir Yaxın Şərq müharibəsinə cəlb edə biləcək ssenarilər haqqında daxili müzakirələrin getdiyini bildirib.
Müzakirələrdən birbaşa xəbəri olan üç ABŞ rəsmisinin dediyinə görə, ordu Qırmızı dənizdə ticarət gəmilərinə hücum edən İranın dəstəklədiyi Husi yaraqlılarına qarşı cavab tədbirləri hazırlayır. Rəsmilərdən birinin dediyinə görə, bu plana Yəməndəki husi hədəflərinə zərbə endirmək də daxildir. Qeyd edilir ki, bu ordunun əvvəllər təklif etdiyi variantlardan biridir.
Rəsmilərin sözlərinə görə, kəşfiyyat rəsmiləri həmçinin, İranın dəstəklədiyi qüvvələrin İraq və Suriyada ABŞ-a qarşı mümkün hücumlarını proqnozlaşdırmaq və qarşısını almaq yollarını axtarır. Onlar husi yaraqlılarının bundan sonra hara hücum edə biləcəyini də müəyyənləşdirməyə çalışırlar.
“Politico”nun yazdığına görə, pərdə arxasında Birləşmiş Ştatlar aylardır Tehranı dəstəklədiyi silahlı qrupların hücumlarını azaltmağa inandırmağa çağırır. Lakin ABŞ rəsmiləri silahlı qrupların hücumlarını azaltmağa başladığına dair heç bir əlamət görmədiklərini və qarşıdakı günlərdə zorakılığın daha da artacağından narahatdırlar.
Qeyd edilir ki, mövcud gərginlik 2024-cü il seçki kampaniyasının qızışdığı və daxili məsələlərə diqqət yetirilməyə başlandığı bir vaxtda prezident Baydenin Yaxın Şərqdə daha dərin bir bataqlığa çəkilməsilə nəticələnə bilər.
Rəsmilər, son bir neçə gündə İraq, Livan və İranda baş verən bir sıra toqquşmalardan sonra daha geniş münaqişə potensialının artdığını söyləyirlər. “Politico” yazır ki, bu hadisələr administrasiyanı Qəzzadakı müharibənin rəsmi olaraq zolağın sərhədlərini aşdığına inandırıb ki, bu da Birləşmiş Ştatların aylardır qaçmağa çalışdığı bir ssenaridir. Qeyd edilir ki, hücuma məruz qalma ehtimalı olan Amerika hədəfləri və ABŞ-ın cavab ssenariləri hazırlanıb. Bildirilir ki, zorakılığın artacağı qorxusu ilə verilən əmrlər ABŞ-ın seçki ilində münaqişəyə müdaxilə etmək məcburiyyətində qalacağı qorxusunu əks etdirir.
Tahir TAĞIYEV