Fermerlərimizin əbədi problemi - əkən onlar, qazanan başqaları...
Akif Nəsirli: “Bu gün fermer malını özü Bakıya gətirə bilsə, bazarlarda məhsul çox ucuz olar”
Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün müxtəlif addımlar atılmaqdadır. Qısa zamanda inkişafına nail olunması planlaşdırılan əsas sahələrdən biri də kənd təsərrüfatıdır. Bu istiqamətdə stimullaşdırma aparmaq üçün zamanla müxtəlif işlər görülür.
Kənd təsərrüfatı məhsulları istehsal edənlərin üzləşdikləri problemlərdən biri də yığdıqları məhsulun bazara çıxarılması ilə bağlıdır. Məhsulun satışını qurmaqda çətinlik çəkənlər isə bu sahədə fəaliyyət göstərməyə o qədər də meylli olmurlar. Artıq bu problemin də həlli istiqamətində addımlar atılmaqdadır. Buna baxmayaraq, kəndli öz məhsulunu bazara çıxarmaqda çətinlik çəkir.
Danılmaz faktdır ki, fermerlərin əsas problemlərindən biri bazara birbaşa çıxışının olmamasıdır. İş adamları onların yetişdirdiyi məhsulu alıb istehlakçılara daha baha qiymətə təklif edir. Nəticədə fermerin satdığı qiymətlə piştaxtadakı qiymət arasında xeyli fərq yaranır. Bu problemin həll olunması üçün hansı addımlar atılmalıdır?
“Fermerin özünün Bakıya məhsul gətirmək imkanı yoxdur, ona görə də bu gün Bakıda qiymətlər od tutub yanır”
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu, kənd təsərrüfatının ən ağrılı problemlərindən biridir: “Bu məsələnin həll olunması üçün paytaxt ərazisində “Kənddən şəhərə” yarmarkaları keçirilir. Yeni il bayramı öncəsi də belə bir yarmarka təşkil olundu. Mən özüm həmin yarmarkaya getdim və təəssüf ki, fermer görə bilmədim. Yarmarkada digər bazarlardan dəvət edilmiş şəxslər iştirak edirdi. Fermerlərin bazara çıxışı təmin olunmalıdır. Danılmaz faktdır ki, bu gün rayonlardan hər hansı fermer bazarda öz məhsulunu satmaq istəsə ona maneələr yaradılır və yaradılacaq. Bu vəziyyət də digər fermerlərə dərs olur. Təəssüf ki, bu gün Azərbaycan fermeri taleyi ilə barışaraq öz istehsal etdiyi məhsulu Bakıya gətirmir. Məlumat üçün deyim ki, bu il nar ucuz və bol oldu. Elə rayon oldu ki, orada narın bir kilosu 10 qəpikdən aşağı satıldı. Adam tanıyıram ki, 5-6 hektar nar bağını alverçilərə 500 manata satdı. Əgər fermerin Bakı bazarlarına girişi asan olsaydı, narını gətirib burada satardı və 10 min manat xeyir qazanardı. Bu gün fermer malını özü Bakıya gətirə bilsə, bazarlarda məhsul çox ucuz olar. Hər bazarın bir neçə tədarükçüsü var. Onlar rayonlardan məhsulu su qiymətinə alıb, Bakıda piştaxta arxasında duranlara 5 qat bahasına satır. Həmin adamlar da onlardan aldığı qiyməti iki dəfə artırıb satır. Fermerin özünün Bakıya məhsul gətirmək imkanı yoxdur. Ona görə də bu gün Bakıda qiymətlər od tutub yanır”.
Günel CƏLİLOVA