10-11-ci siniflərə yeni təhsil modeli - nazirin anonsuna reaksiyalar...
Kamran Əsədov: “Məzmunda yanlışlıq var, çünki tədris proqramı orta məktəb proqramı üçündür, ali məktəblərə daxil olmağa kömək etmir”
“Biz həqiqətən də 10-11-ci siniflərin məzmununa yenidən baxmalıyıq. Düşünməliyik və müzakirə aparmalıyıq ki, on və on birinci siniflər nə üçündür”. Bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində deyib.
“Bu ali təhsilə hazırlıqdırsa, cəmiyyət bizdən bunu tələb edirsə, biz buna uyğun məzmun hazırlayaq. Biz deyiriksə, on və on birinci siniflər yalnız ali təhsilə hazırlıq deyil, bu həm də şəxsiyyətin formalaşdığı bir dövrdür, o zaman başqa bir model seçməliyik”, – nazir vurğulayıb.
Maraqlıdır, on və on birinci siniflər üçün hansı model seçilməlidir ki, bu sahədə yaşanan problemlər həll olunsun?
“Məzmun dəyişikliyi şagirdlərin məktəbə qayıtmasına kömək edəcək, repetitorların sayının azalmasına təsir göstərəcək, valideynlərin repetitorlara xərclədiyi maliyyə itkisinin də qarşısını alacaq”
Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ali məktəbə daxil olan 80 minə yaxın şagirdin böyük əksəriyyəti orta məktəbdə əldə etdiyi bilik və bacarıqlara deyil, məhz repetitor yanında qazandığı bilik və bacarıqlar hesabına ali məktəbə daxil olur: “Yəni şagirdlərin əldə etdikləri nailiyyətlər məktəbin deyil, repetitorlar və hazırlıq kurslarının nailiyyətidir. İstənilən bir dərs günü X-XI siniflərə gedib monitorinq aparsaq görərik ki, sinifdə şagird yoxdur. Valideynlər məktəb direktoru ilə razılaşır, şagird dərsə gəlmir, repetitor yanına gedir. Baxmayaraq ki, dövlət müəllimin əmək haqqını da, məktəbin xərclərini də şagirdlərin, keçilən dərs saatlarının tam sayına görə ödəyir. Amma şagirdlər məktəbdə yoxdur. Əllərində test kitabçaları metrodadılar, repetitor yanına gedirlər. Orta məktəb proqramı şagirdin ali məktəbə qəbul olmasına kömək göstərmirsə, proqramı dəyişməliyik. Orta məktəb proqramı qəbul proqramına uyğunlaşdırılmalıdır. Hazırda ümumtəhsil məktəblərinin bir çoxunda təmayülləşmə var, amma uyğun dərs vəsaiti yoxdur. Təmayülləşmənin mahiyyət budur ki, şagird seçdiyi istiqamət üzrə öyrənir. Məzmunda yanlışlıq var, çünki tədris proqramı orta məktəb proqramı üçündür. Ali məktəbələrə daxil olmağa kömək etmir. Şagirdlər məktəbə həftənin hansısa günləri, ya KSQ, BSQ yazmaq üçün gəlir. Təklif budur ki, bəlkə, ödənişli əsaslarla xidmət göstərək? Kim məktəbə gəlmək istəmirsə dövlət rüsumu ilə ödənişli əsaslarla xidmət göstərilsin. Kimsə məktəbə gəlmir, amma tam orta təhsil haqqında sənəd almaq istəyir, o zaman ödəniş etsin, alınan vəsait də müəllimlərin social vəziyyətinin yaxşılaşmasına yönəlsin. Onsuz da məktəbə gəlmirlər. Adlarını müxtəlif rayon məktəblərinə yazdırırlar. Bu ciddi problemə çevrilib artıq. Məktəbə gəlmirsə, əldə etdiyi biliklər onlara lazım deyilsə, deməli, dəyişiklik etməliyik. Şagirdləri məktəbə qaytarmaq lazımdır. Məzmun dəyiklikliyi şagirdlərin məktəbə qayıtmasına kömək edəcək, repietitorların sayının azalmasına təsir göstərəcək, valideynlərin repetitorlara xərclədiyi maliyyə itkisinin də qarşısını alacaq”.
Günel CƏLİLOVA