Almaniya şirkətinin Bakı üçün "Baş planına" sonadək inanmaq olarmı...
İlqar Hüseynli: “Azərbaycan dövləti hesab etsəydi ki, burada hansısa bir xəyanətkar məqamlar ola, Bakının Baş planının layihələnməsində çox ciddi risqli məqamlar ortaya çıxa bilər, heç vaxt bu işə razı olmazdı”
Nazirlər Kabineti “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərar Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında 29 iyun 2012-ci il tarixli qanunun tətbiqi barədə ölkə Prezidentinin 4 sentyabr 2012-ci il tarixli fərmanına əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifi nəzərə alınaraq qəbul edilib.
Baş planı Komitənin sifarişi ilə beynəlxalq tenderin qalibi olan Almaniyanın “AS+P Albert Speer + Partner Gmbh” şirkəti hazırlayıb. Onun layihəsinin hazırlanmasına yerli layihə təşkilatı qismində Bakı Dövlət Layihə İnstitutu, həmçinin mühəndis-kommunikasiya sistemləri, nəqliyyat və iqtisadi aspektlərin işlənməsi məqsədilə “Ramboll UK” (Böyük Britaniya) və “EY Advisory” (Fransa) şirkətləri cəlb edilib.
Baş plan paytaxtın bütün inzibati ərazisini əhatə etməklə hesabat dövrü ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir, o cümlədən güclü və davamlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan dayanıqlı şəhər mühiti, mədəni və tarixi-memarlıq irsin qorunması, ərazi zonalaşdırılması, şəhər infrastrukturunun genişləndirilməsi, ekoloji sağlamlaşdırma və ərazilərin abadlaşdırılması tədbirləri, habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir.
Bakının Baş planını Almaniyanın AS+P Albert Speer + Partner Gmbh” şirkəti hazırlayıb.
Hər birimiz Almaniyanın Azərbaycana dost olkə olmadığını bilirik. Belədə bu Baş planda Azərbaycana strateji pislik elementlərinin olmayacağına necə əmin olmaq olar? Burada risq ehtimalları varmı?
“...Narahatlıq üçün heç bir əsas yoxdur”
Ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Almaniyanın Azərbaycana müsbət münasibət bəsləmədiyi məlum olsa da, amma AS+P Albert Speer + Partner Gmbh” şirkətinin bu dövlətin siyasətini davam etdirməsi inandırıcı görsənmir. İ.Hüseynli hesab edir ki, bu sırf biznes maraqları ilə bağlı məsələ olduğu üçün şirkətin Almaniyanın antiazərbaycan siyasətinə uymasını ehtimal etmək olmaz. “Düşünürəm ki, burada narahatlıq üçün heç bir əsas yoxdur. Almaniya elm və texnoloji cəhətdən kifayət qədər inkişaf etmiş ölkədir. Burada tam demokratik bir idarəetmə sistemi mövcuddur. Düşünmürəm ki, hansısa bir özəl şirkət, özəl kompaniya özünün hazırladığı bir layihələşdirmə ilə bağlı xəyanətkar mövqe tuta. Hesab etmirəm ki, bu şirkət siyasi münasibətlər fonunda belə bir xənayətlər etsin. Həmin kompaniya vicdanla, ləyaqətlə öz işini görəcək. Onun üçün Azərbaycanla Almaniya arasındakı siyasi münasibətlərin hansı səviyyədə olmağının bir o qədər əhəmiyyəti olmayacaq. Fikir versəniz görərsiniz ki, bu gün Almaniya öz ölkəsinə nə qədər beyin idxalı ilə məşğuldur. Ən azından Azərbaycanın 2 min nəfərə yaxın gənci Almaniyada həkim kimi çalışır, Almaniya onları işlə təmin edir, yaşayış yeri verir”-deyə İ.Hüseynli qeyd etdi.
O hesab edir ki, ölkəmizə münasibətdə, hansısa siyasi məsələlərdə Almaniyanın Azərbaycana xoşagəlməz siyasi yanaşması ola bilər, amma texnolojinin tətbiqində, institutlaşmada, təcrübə mübadiləsində hansısa bir xoşagəlməzliyin olması inandırıcı görsənmir. “Bakının Baş planının hazırlanmasına kifayət qədər vəsait ayrılıb. Azərbaycan dövləti hesab etsəydi ki, burada hansısa bir xəyanətkar məqamlar ola, Bakının baş planının layihələnməsində çox ciddi risqli məqamlar ortaya çıxa bilər, o zaman heç vaxt bu işə razı olmazdı. Çünki dövlətin müxtəlif qurumları, güc strukturları kifayət qədər işləyir, çalışır, belə məsələlərə çox həssasdır. Əgər dövlətimiz bu məsələlərdə narahat deyilsə, hesab edirəm ki, Azərbaycan cəmiyyətinin də, ictimaiyyətinin də narahat olmasına ciddi əsaslar olmayacaq”-deyə İ. Hüseynli vurğuladı.
İradə SARIYEVA