Qərəzli “hesabat”, yoxsa uğursuz CƏHD?
ABŞ Dövlət Departamenti dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabat yayımlayıb. Hesabatın Azərbaycana aid hissəsində din azadlığı ilə əlaqədar əsassız, reallıqla heç bir əlaqəsi olmayan qərəzli iddialar yer alıb. Belə görünür ki, ABŞ ənənəvi ampluasındadır. Heç nədən, heç bir uğursuzluqdan nəticə çıxarmayan Ağ Ev yenə də kortəbii “rinq taktikasını” davam etdirir.Məqsəd sadədir: Azərbaycanın müstəqil siyasət kursuna zərbə endirmək, vəssalam!
Bəli, həmin hesabatda ölkəmizlə bağlı hissəsində qərəz və Azərbaycanofobiyaya açıq şəkildə yer verilib. BMT missiyasının 2023-cü ilin oktyabrında Azərbaycanın Qarabağ bölgəsinə həyata keçirdiyi səfərdən sonra dərc etdiyi hesabatda oradakı mədəni və dini abidələrə heç bir zərər verilmədiyini təsdiqləməsinə baxmayaraq, ABŞ Dövlət Departamentinin bu narahatlıqları təəccüb doğurur. Amma nədənsə sözügedən qurum Ermənistandan azərbaycanlıların etnik və dini nifrət zəminində tamamilə qovulması, bu ölkədə vaxtilə dövlət qeydiyyatından keçmiş 300-ə yaxın məscidin və azərbaycanlılara məxsus bütün digər dini və mədəni irsin dağıdılması faktlarını görməzdən gəlir. ABŞ Dövlət Departamenti dini məsələlərdə səmimidirsə, onda Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək ifadə etməli, Ermənistanda dağıdılan Azərbaycan dini və mədəni irsinin bərpasına dəstək verməlidir.
Bundan başqa daha bir vacib amilə diqqət edək: Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə Cənubi Qafqazda yeni reallıq yaradıb. Bu gün Cənubi Qafqazın lider dövləti olan Azərbaycan şərtləri diktə edən tərəf kimi ikiüzlü, qərəzli Qərb siyasətinin hədəfinə çevrilib. Elə bu son “hesabat” da dediklərimizi tamamilə təsdiqləyir. Okeanın o tayında ənənəvi, ikili siyasət “bərq vurur”: Kimlər ABŞ-ın maraqlarına deyil, öz milli maraqlarına xidmət edirlərsə, onlar birbaşa HƏDƏF halına gəlirlər.
Bu siyasət on illərdir ki, davam edir. Bu gün rəsmi Bakıya qarşı belə primitiv, sadəcə şou xarakteri daşıyan “hesabatlarla” hədə-qorxu siyasəti uğursuz cəhddən başqa bir şey deyil. Azərbaycan öz müstəqil, milli maraqlara cavab verən düzgün siyasətindən geri çəkilməyəcək. “Sem dayılar” bunu istəməsə belə...
Mətləb