Azərbaycanda prezident seçkilərində MDB missiyasına Lebedev rəhbərlik edəcək...
Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində MDB-dən olan müşahidəçilər missiyasına MDB-nin baş katibi Sergey Lebedev rəhbərlik edəcək. Bu barədə MDB-nin İcraiyyə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
“Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində MDB-dən olan müşahidəçilər missiyasına MDB-nin baş katibi Sergey Lebedev rəhbərlik edəcək. Onun namizədliyi MDB-yə üzv dövlətlərin Birliyin nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının qərarı ilə razılaşdırılıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, MDB müşahidəçilər missiyası Azərbaycan hökumətinin dəvəti ilə seçki kampaniyasını izləyəcək. Missiyanın işi “siyasi neytrallıq, seçki prosesinə və dövlətin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanaraq, ciddi şəkildə milli qanunvericiliyə uyğun olaraq həyata keçiriləcək",
Prezident İlham Əliyev 2023-cü il dekabrın 7-də “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb.Sərəncama əsasən, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2024-cü il fevralın 7-nə təyin olunub.