Əmirbəyov: "Ermənilərin Azərbaycan ərazisindən keçid imkanını məhdudlaşdırmaq fikrimiz yoxdur"
Ermənilərin Azərbaycan ərazisindən keçid imkanını necəsə məhdudlaşdırmaq fikrimiz yoxdur. Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Estoniya milli teleradiosuna (ERR) müsahibəsində deyib.
E.Əmirbəyov Naxçıvanda və ya Azərbaycanın əsas hissəsində yaşayan Azərbaycan vətəndaşlarının bu ərazidən maneəsiz keçə bilmələri üçün Azərbaycanın Ermənistan tərəfi ilə Zəngəzur dəhlizinin bərpası barədə danışıqlara başladığını qeyd edib.
Onun sözlərinə görə, söhbət, təəssüf ki, münaqişə nəticəsində dağıdılmış 42 kilometrlik dəmir yolu xəttindən gedir.
"Lakin söhbət təkcə çatışmayan sahənin tikintisindən getmir. Yeri gəlmişkən, bizim tərəfimizdən bu iş demək olar ki, başa çatıb. Mən Horadiz-Ağbənd sahəsini nəzərdə tuturam. Əfsuslar olsun ki, Ermənistan tərəfindən heç layihənin texniki əsaslandırması üzərində iş başladılmayıb. Lakin bizim üçün əsas məsələ odur ki, bu 42 kilometrlik sahədən keçmək istəyən Azərbaycan vətəndaşlarının təhlükəsizliyi necə təmin olunacaq? Hələlik söhbət dəmir yolundan gedir.
Gələcəkdə, əlbəttə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında və daha sonra Türkiyə və Avropa istiqamətində avtomobil nəqliyyatının da razılaşdırılmasını istəyərdik. Lakin biz tərəflərin atəşkəs barədə Üçtərəfli Bəyanatları çərçivəsində üzərlərinə götürdükləri öhdəliklərə istinad ediriksə, doqquzuncu paraqraf məhz kommunikasiyaların bərpası ilə bağlı bu hissəni aydın şəkildə nəzərdə tutur. Qlobal planda bu, həmçinin, Asiya ilə Avropa arasında kommunikasiyanın bərpası deməkdir", - o deyib.
E.Əmirbəyov vurğulayıb ki,, əlbəttə, Ermənistan vətəndaşları Azərbaycan ərazisindən keçmək istəsələr, Azərbaycan tərəfi onların təhlükəsizliyini təmin edəcək.
"Elə həmin Üçtərəfli Bəyanatlar çərçivəsində Ermənistan tərəfinin dəmir yolunun yuxarıda qeyd olunan hissəsinin təhlükəsizliyinin hazırda Ermənistanın ən azı iki qonşu dövlət - İran və Türkiyə - ilə xarici sərhədlərinin təhlükəsizliyini təmin edən Rusiya Federal Təhlükəsizlik Xidmətinin qüvvələri tərəfindən təmin olunacağı barədə öhdəlik götürməsi isə digər məsələdir", - deyə o əlavə edib.