Yaponiya mühəndislərinin böyük uğuru - Güclü zəlzələdə bir nəhəng göydələn belə yıxılmadı, üstəlik...
Bir saat ərzində biri 7,6 bal gücündə olmaqla 9 zəlzələ ilə sarsılan Yaponiyada həyat ertəsi gün normala döndü. 48 nəfərin həyatını itirdiyi zəlzələdən sonra axtarış-xilasetmə işləri də davam edir.
Bazar ertəsi baş vermiş fəlakətin nəticələri 1923-cü ildə Tokioda baş vermiş güclü zəlzələ ilə müqayisədə ölkə mühəndislərinin böyük uğurunu açıq şəkildə ortaya qoydu.
1923-cü ildə Tokioda baş vermiş Böyük Kanto zəlzələsi şəhərin çox hissəsini dağıdıb. Böyük fəlakətdən sonra şəhərdəki Avropa xətti ilə tikilmiş müasir kərpic binalar söküldü. Bu, həmçinin sonradan Yaponiyanın ilk zəlzələyə davamlı tikinti kodunun hazırlanmasına səbəb oldu. Həmin ildən etibarən yeni tikililərin polad və betonla möhkəmləndirilməsinə başlandı.
Ölkədə nə vaxt güclü zəlzələ baş versə, dəyən ziyan araşdırılır və qaydalar yenilənirdi. Ən böyük sıçrayış 1981-ci ildə baş verdi, bundan sonra bütün yeni tikililərdə seysmik izolyasiya tədbirləri məcburi oldu. 1995-ci ildə Kobe zəlzələsindən sonra isə daha ciddi tədbirlərə əl atıldı.
Müvəffəqiyyətlərdən biri 2011-ci ildə 9 bal gücündə zəlzələ zamanı Tokioda zəlzələnin səviyyəsinin 5-ə çatması idi. Bu, Yaponiya paytaxtının 1923-cü ildə yaşadığı eyni sarsıntıya bərabər idi. 1923-cü ildə şəhər dağıldı, 140 min insan öldü. 2011-ci ildə isə nəhəng göydələnlər silkələndi, sadəcə pəncərələr sındı, lakin heç bir əsas bina çökmədi. Minlərlə insanın ölümünə səbəb isə təkanlar deyil, sunami oldu.
Qeyd edək ki, yanvarın 1-də Yaponiyanın mərkəzində 7,6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Noto yarımadasında qeydə alınıb. Zəlzələdən bir neçə dəqiqə sonra sunami həyəcanı verilib, okeanın kənarında yaşayan vətəndaşlar təxliyəyə çağırılıb, lakin qısa müddət sonra həyəcan siqnalı ləğv edilib.
TAHİR