İsrail Dəməşq aeroportunda Suriya rəsmiləri ilə görüşə hazırlaşan yüksək rütbəli İran hərbçilərini vurdu - 11 ölü...
İsrail Suriyada hücumlarını davam etdirir. Ərəb mediası yazır ki, İsrail ordusu Dəməşq beynəlxalq hava limanını vurub. Hava hücumunun əsas hədəfi İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) bölgədəki üzvləri olub.
Suriyanın yüksək rütbəli nümayəndələri ilə görüşmək üçün hava limanında olan korpus komandirləri də daxil olmaqla, SEPAH-ın 11 üzvü həlak olub. Suriya mediası İsrailin hücumlarını təsdiqləsə də, itkilərlə bağlı açıqlama verməyib. Yerli mətbuata açıqlama verən hərbi rəsmi İsrail raketlərinin Colan təpələrindən gəldiyini bildirib.
Son günlər İsrailin hücumlarında böyük itkilər verən Tehran administrasiyası isə itkiləri təkzib edib. İnqilab Keşikçiləri Korpusunun sözçüsü Serdar Ramazan Şərif 11 zabitin öldürülməsi xəbərinin həqiqəti əks etdirmədiyini iddia edib. Səudiyyə Ərəbistanının “Əl-Hədas” media kanalı isə SEPAH komandiri Nur Rəşidin Suriyanın şərqində yaralandığını bildirib.
Rusiya mətbuatı İran komandirlərinin Suriyanın yüksək rütbəli rəsmiləri ilə görüşmək üçün bölgədə gözləyərkən hücuma məruz qaldığını bildirib.
TAHİR