Koreyada müharibə hər an başlaya bilər - Şimalda orduya "hazır ol" əmri verildi...
Şimali Koreya ilə Cənubi Koreya arasında gərginlik artır. Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya ilə münasibətləri iki düşmən ölkə kimi qiymətləndirib.
Reuters agentliyinin məlumatına görə, Kim Çen In Koreyada hər an müharibənin başlaya biləcəyini açıqlayıb. Şimali Koreya lideri ordusuna nüvə silahı da daxil olmaqla, "Cənubi Koreyanın bütün ərazisini sakitləşdirməyə hazırlaşmaq" əmrini verib.
Mümkün nüvə böhranına daha tez cavab vermək üçün ölkəsinin nüvə sektoru da daxil olmaqla bir çox sahədə inkişaf etməsi gərəkdiyini bildirən Kim deyib ki, ordu “Cənubi Koreyanı nəzarət altına almaq” ehtimalına hazır olmalıdır.
Cənubi Koreya ilə münasibətlərə gəlincə, Kim Seulun Şimali Koreyanı “düşmən” elan etdiyini qeyd edib və iki ölkənin birləşməsinin “mümkün olmadığını” vurğulayıb. İki ölkə arasındakı münasibətlərdə “köklü dəyişiklik”ə çağıran Kim, Cənubi Koreya və Şimali Koreyanın “müharibə şəraitində olan iki düşmən ölkəyə” çevrildiyinə diqqət çəkib. Kim Cənubi Koreyanı birləşmə və ya barışıq üçün bir həmsöhbət olaraq görməyəcəklərini də sözlərinə əlavə edib.
Cənubi Koreyanın Müdafiə Nazirliyi isə Şimali Koreya lideri Kim Çen Ina xəbərdarlıq edib. Bildirilir ki, Seula qarşı nüvə silahından istifadə etmək qərarı alınarsa, “bu onun rejiminin sonu” olacaq.
Cənubi Koreya şimal qonşusunun ölkənin nüvə və raket arsenalını genişləndirmək və gələn il daha üç kəşfiyyat peykini orbitə buraxmaq niyyətləri barədə bəyanatlarını qətiyyətlə pisləyir.
TAHİR