Müdafiə Nazirliyinin rəhbərliyi bayramla bağlı hospitalda olub - VİDEO
Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Baş Klinik Hospitalı ziyarət edib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.
Trend Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Baş Klinik Hospitalda müalicə olunan hərbi qulluqçularla və tibb personalı ilə görüşən general-polkovnik Z.Həsənov onlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini çatdırıb.
Nazirliyin rəhbər heyəti hospitalda aparılan müalicə prosesi ilə maraqlanıb, xəstə və yaralıların tezliklə sağlamlıqlarına qovuşmalarını və Ordu sıralarında xidmətlərini davam etdirmələrini arzulayıb.
Şəxsi heyətə bayram hədiyyələri təqdim edilib.