Düyü 15 ildə ən baha qiymətə qalxdı - Hindistan ixracı azaltdı...
Eyyub Kərimli: “Bazarda qiymətlərin artımı düyü istehsalçılarının davranışından asılıdır”
Dünyada düyünün qiyməti son 15 ilin ən yüksək səviyyəsinə qalxıb. Belə ki, Tailand ağ düyüsünün qiyməti artaraq bir ton üçün 659 dollara çatıb. Qiymət artımına səbəb olaraq havaların quraq keçməsi və əsas düyü tədarükçüsü olan Hindistanın ixracı məhdudlaşdırması göstərilir.
Onu da qeyd edək ki, 2022-ci ildə ölkəmizə idxal olunan düyünün 74,8%-i Hindistanın, 11,5%-i Qazaxıstanın, 8,3%-i Rusiyanın, 2,4%-i Tailandın, 2,1%-i Pakistanın, 0,9%-i isə digər ölkələrin payına düşüb.
Qlobal bazarda 2022-ci ildə düyü ixracı 28,9 milyon ton və ya 23,3 milyard ABŞ dolları olub. Dünya üzrə ixrac olunan düyünün 80%-dən çoxu Hindistan, Tailand, Vyetnam, Pakistan, ABŞ, Çin, İtaliya, Myanma, Braziliya və Belçikanın payına düşüb. Düyü idxalı üzrə ilk beşlikdə isə Çin (10,9%), ABŞ (5,9%), Filippin (5,3%), Kot-d`İvuar (3,4%) və İraq (3,1%) yer alıb.
Məlumat üçün bildirək ki, ötən ildə Azərbaycana düyü idxalı əvvəlki ilə nisbətən 7,4% artaraq 50,2 min ton olub. Ölkədən ixrac olunan düyü isə çox kiçik həcmdədir. Belə ki, hər il ölkədən orta hesabla 24,4 ton düyü ixrac edilib.
Maraqlıdır, bu proseslər Azərbaycanda düyünün qiymətinə təsir edəcəkmi?
“Gələn ildən Azərbaycana Pakistandan idxal olunacaq düyüyə 15 faiz gömrük rüsumlarında güzəşt tətbiq ediləcək, bu da qiymətlərin sabitləşməsinə müsbət təsir göstərə bilər”
Iqtisadçı ekspert Eyyub Kərimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, gələn il düyünün satış qiyməti bahalaşa bilər: “Məlumdur ki, ölkəmizə Hindistan və digər ölkələrdən düyü idxalı 70 faizdən çox təşkil edir. Məlumat üçün bildirim ki, gələn ildən Azərbaycana Pakistandan idxal olunacaq düyüyə 15 faiz gömrük rüsumlarında güzəşt tətbiq ediləcək. İstər-istəməz bu, qiymətlərin sabitləşməsinə müsbət təsir göstərə bilər”.
Ekspert hesab edir ki, bazarda qiymətlərin artımı düyü istehsalçılarının davranışından asılıdır: “Dünyada ümumi düyü istehsalı azalmayıb. Hava şəraiti ilə bağlı bəzi ölkələrdə müəyyən azalma müşahidə olunsa da, bu ciddi sayılmayacaq həddədir. Dünyada hazırda düyü qiymətlərində olan artım 5-10 faiz civarındadır”.
E.Kərimli onu da əlavə etdi ki, Azərbaycanda yerli düyü istehsalı üçün şərait yaxşılaşır. Fermerlərə subsidiyalar verilir, çəltik istehsalı sahələri genişləndirilir. Bu sahədə görülən işlər düyü istehsalının artmasına səbəb olacaq.
Günel CƏLİLOVA