Üç Azərbaycan romanı haqqında videoçarxlar təqdim edildi
“Vətəndaş Tribunası” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il kiçik qrantlar müsabiqəsinin qaliblərindən biri kimi “Müasir Azərbaycan ədəbiyyatının önəmli nəsr nümunələrinin ölkədə və xaricdə tanıdılması” layihəsi çərçivəsində müəlliflərlə görüş təşkil edib.
22 sentyabr 2023-cü ildə Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisindəki iclas zalında keçirilən görüşdə yazıçı müəlliflər Şərif Ağayar, Mehriban Vəzir, Kəramət Böyükçöl və ədəbi ictimaiyyətin tanınmış nümayəndələri, jurnalistlər, QHT, siyasi partiya rəhbərləri, millət vəkilləri və sıravi oxucular iştirak edib.Tədbirin aparıcısı, layihə rəhbəri Səfər Alışarlı giriş nitqi söyləyərək layihəni dəstəkləmiş Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib. S.Alışarlı insanların və cəmiyyətin mənəvi yüksəlişində ədəbiyyatın rolundan və önəmli nəsr nümunələrimizin ölkədə və xaricdə tanıdılmasının vacibliyindən danışaraq layihə çərçivəsində görülmüş işləri diqqətə çatdırıb.
Qeyd edilib ki, layihə üçün müəllif və roman seçimində əsas meyar istedad və bədii keyfiyyətlər baxımından mükəmməl yazılmış əsərlər olub. Layihə rəhbəri bildirib ki, Şərif Ağayarın “Arzulardan sonrakı şəhər”, Mehriban Vəzirin “Gövhər ağa Cavanşir” və Kəramət Böyükçölün “Çöl” romanlarının tanıdılması yönündə aparılmış təbliğat kampanıyası üçün bu əsərlərin hər biri haqda videoçarxlar hazırlanıb, məqalələr yazılaraq xarici və daxili mətbuatda çap edilib, müəlliflərin əsərləri haqda məlumatlar xarici ölkələrin elektron ədəbi resurslarına göndərilib, həmçinin sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edilib.