ABŞ-Azərbaycan münasibətlərinə ən böyük maneə Londonda səsləndirildi...
Bəhruz Quliyev: “Birləşmiş Ştatlar bir dəfə də olsun Ermənistanı işğalçılıq siyasətinə görə qınamayıb”
Ağ Ev Azərbaycan və Ermənistan arasında vasitəçilik rolu oynamaq istəyirsə, “Co Bayden administrasiyasının üzvləri fərqli münasibət nümayiş etdirməlidirlər”. ABŞ-ın Newsweek həftəlik məcmuəsi yazır ki, bunu Londonda keçirdiyi brifinqdə Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev deyib.
O bildirib ki, Amerikanın bu məsələdəki birtərəfli mövqeyi Bakının narahatlığına səbəb olub. Hacıyev brifinqdə deyib ki, Bakı Birləşmiş Ştatların icra hakimiyyətindən fərqli münasibət görmək istəyir. Bununla belə, Hacıyev 907-ci düzəlişi “ABŞ Konqresinin tarixində ən ədalətsiz qərar” adlandırıb: “Azərbaycanın xaricdən heç bir yardıma və ya dəstəyə ehtiyacı yoxdur. Azərbaycan özünü təmin edən bir ölkədir. Lakin burada psixoloji və siyasi aspekt çox mühümdür, çünki bu, Azərbaycanla ədalətsiz davranış idi”.
Hacıyev deyib ki, belə davranış Vaşinqtonun ədalətli vasitəçi olmasına imkan vermir: “Elə ki bu aradan qaldlrıldı, bizim heç bir problemimiz olmayacaq və biz Vaşinqton platformasında sülh müzakirələrini davam etdirə biləcəyik”.
Bir sözlə, belə məlum olur ki, ABŞ Azərbaycanla münasibətləri yoluna qoymaq istəyirsə, sadalanan əngəlləri ortadan qaldırmalıdır.
“Vaşinqton Azərbaycanla bağlı ədalətsiz siyasətinə, yanlış qərarlara son qoymalıdır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyevin fikrincə, bu gün ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına vasitəçilik etmək istəyir və bunda maraqlı tərəfdir: “Düşünürlər ki, bununla hər hansı formada Qafqazda olmaq niyyətindədir. Ancaq təəssüflər olsun ki, bu, ABŞ-ın əməllərində görünmür. Yəni onların atdığı addımlar, sözləri ilə əməllərinin üst-üstə düşməməsi hər kəsə bəllidir. Bütün bunların daha bir təzahürü Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyevin Londonda keçirdiyi brifinqdə dedikləri oldu”.
ABŞ Konqresinin 1992-ci ildə ermənilərin və erməni diasporunun səyləri nəticəsində “Azadlığa Dəstək Aktı”na ədalətsiz 907-ci Düzəlişi əlavə etdiyini xatırladan Bəhruz Quliyev qeyd etdi ki, həmin dövrdə Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının reallıq kimi qəbuluna səbəb oldu: “Ermənistan işğala məruz qalan, Azərbaycan isə “işğalçı dövlət” kimi təqdim edilirdi. Ədalətsiz 907-ci Düzəliş də buna görə tətbiq olunurdu. Dünyada baş verən müharibələrə, dövlət çevrilişlərinə, siyasi kataklizmlərə diqqət yetirdikdə hər birində ABŞ-ın iştirakının və rolunun görürük. ABŞ bir dəfə də olsun Ermənistanı işğalçılıq siyasətinə görə qınamayıb. BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrası istiqamətində addım atmayıb. Azərbaycan hər zaman daxili işimizə qarışmaq, diqtə etmək istəyənlərə yerini göstərib və bundan sonra da göstərəcək. Nəhayət başa düşülməlidir ki, 907-ci Düzəlişlə bağlı mülahizələr, Azərbaycana hərbi yardımların dayandırılması, Vaşinqton və İrəvan arasında müdafiə sahəsində kritik addımların koordinasiyası bölgədə sülhün bərqərar olması yerinə, daha ciddi təhdidlər yaradır. Ermənistanda revanşist qüvvələri yeni müharibəyə təhrik edir. Ağ Ev bu davranışlarına davam edərsə, regional siyasətdə ağır məğlubiyyətə düçar olacaq. Ona görə də Vaşinqton Azərbaycanla bağlı ədalətsiz siyasətinə, yanlış qərarlara son qoymalıdır. Bu gün ölkəmizin heç bir xarici dövlətdən asılılığı yoxdur. Hətta bu gün Azərbaycan özü müxtəlif xarici ölkələrdə layihələr həyata keçirir. Bu sadəcə ABŞ-ın Azərbaycana münasibətinin təzahürüdür. Biz bunu bu gün üçün belə dəyərləndiririk. Azərbaycan bütün təşəbbüslərə açıqdır. Rəsmi Bakı istənilən müsbət təşəbbüsə dəstək verir. Azərbaycan bütün sülh danışıqları prosesində, hətta Ermənistanla birbaşa əlaqəyə hazır olduğunu belə dəfələrlə göstərib”.
Vidadi ORDAHALLI