Ermənistan KTMT-nin Parlament Assambleyasını da boykot etdi...
İbrahim Rüstəmli: “Ermənistanın KTMT tədbirlərinə qatılmaması siyasi motivlərdən irəli gəlir”
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Parlament Assambleyasının dekabrın 19-da Moskvada keçirilən plenar iclasında iştirakdan imtina edib.
Belə ki, dekabrın 19-da Moskvada KTMT Parlament Assambleyasının plenar iclası keçirilsə də, Ermənistandan olan nümayəndə heyəti tədbirə qatılmayıb. Tədbirdə təşkilata üzv olan yalnız 5 ölkə iştirak edib.
Keçirilən tədbirin gündəliyinə KTMT-yə üzv dövlətlərin qanunvericiliyinin uyğunlaşdırılması və Təşkilatın məsuliyyət sahəsində təhlükəsizlik çağırışları və təhdidlərinə qarşı mübarizə üçün nümunəvi qanunların hazırlanması məsələləri daxil edilib.
“... hazırki Paşinyan hakimiyyəti Rusiyadan uzaqlaşmağı prioritet hesab edir”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən hərbi ekspert İbrahim Rüstəmli hesab edir ki, Ermənistan rəsmilərinin KTMT Parlament Assambleyasının plenar iclasında iştirak etməkdən nümayişkaranə şəkildə imtina etməsində təəccüblü bir şey yoxdur: “Ona görə ki, 2021-ci ildən başlayaraq Ermənistan KTMT-ni davamlı olaraq tənqid etməkdədir. Bütün tənqidlərin mahiyyəti onun üzərində qurulub ki, KTMT Ermənistanı Azərbaycandan qorumaq üçün gərəkli addımları atmayıb. Guya Azərbaycan 2021-2022-ci illərdə Ermənistanın ərazisinə daxil olub, müəyyən əraziləri nəzarətə götürüb. Bütün bunlara baxmayaraq, KTMT öz məsuliyyət zonasının müdafiəsi ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməyib və s. Əlbəttə ki, bütün bunlar sadəcə bəhanədir. Azərbaycan Ermənistan ərazisinə daxil olmayıb. Ordumuz bizə məxsus olan sərhədləri bərpa edib və bundan irəli gələn vəzifələri yerinə yetirib. Ermənistanın KTMT tədbirlərinə qatılmaması siyasi motivlərdən irəli gəlir. Çünki hazırkı Paşinyan hakimiyyəti Rusiyadan uzaqlaşmağı prioritet hesab edir. Ona görə də bütün vasitələrlə buna çalışırlar. Hətta bu səbəbdən zaman-zaman İrəvanla Moskva arasında gərginliklər yaşanır. Hesab edirəm ki, bu yöndə qarşıdurma davam edəcək. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 19-da yerli mediaya müsahibəsində həm Rusiya, həm də KTMT ilə bağlı növbəti dəfə tənqidi fikirlərlə çıxış edib. Nəzərə alsaq ki, KTMT-nin yaradıcısı Rusiyadır, mahiyyət etibarı ilə bütün tənqidlər Moskvaya ünvanlanıb”.
Vidadi ORDAHALLI