Ersin Tatar Putinə Rusiyanın Kiprdə həmişəlik qalmaq yolunu göstərdi...
Sahil Kərimli: “Region həm iqtisadi, həm də siyasi baxımdan elə bir vəziyyətdədir ki, buna ehtiyac var”
Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar Rusiya prezidenti Vladimir Putinə müraciət edərək, Rusiya ilə Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) arasında birbaşa əlaqələr məsələsinə baxılmasını xahiş edib:
“Sizin vasitənizlə Şimali Kiprdə yaşayan ruslara səmimi hisslərimi bildirmək istərdim. Biz Rusiya ilə münasibətlərimizin inkişaf etməsini və genişlənməsini arzu edirik, ona görə də bütün ruslara təşəkkürümü bildirirəm, həmçinin Rusiya hakimiyyətindən və şəxsən prezident Putindən Şimali Kiprlə əlaqələr məsələsini nəzərdən keçirmələrini xahiş edirəm”.
Tatar bildirib ki, Rusiya rəhbərliyindən və Rusiya xalqından xüsusilə Ukraynada baş verənlərdən və dünyada baş verən bir çox qlobal dəyişikliklərdən sonra Kiprlə bağlı siyasətinə yenidən baxmalarını xahiş etmək istəyir. Onun sözlərinə görə, Moskvanın Şimali Kiprlə birbaşa əlaqələrin olması bütün ölkələrlə, o cümlədən Rusiya ilə münasibətləri inkişaf etdirməyə çalışan Türkiyə üçün də faydalı olar.
Şimali Kipr liderinin bu təklifi perspektivdə Rusiya ilə münasibətlər baxımından nə vəd edir?
Siyasi şərhçi Sahil Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son aylarda dünyada baş verən qarışıq proseslər, yeni siyasi qütbləşmələr, ölkələrin siyasi kurslarla beynəlxalq, xarici siyasətlərə yenidən baxması məsələləri qarşıdakı aylarda bir çox önəmli hadisələrə səbəb olacaq: “Məlum olduğu kimi, son illərdə Rusiya ilə Ukrayna arasında baş verən hərbi qarşıdurma, eyni zamanda İsrail, Fələstin və “HƏMAS” arasında baş verən şiddətli döyüşlər, dünyanın qütbləşməsi, Avropa ilə olan ziddiyyətli, düşmənçilik prosesləri yeni siyasi müstəvilərin, dialoqların yaranmasına gətirib çıxardı. Təbii ki, Şimali Kipr Türk Cümhuriyyəti prezidentinin addımını da bu baxımdan qiymətləndirməliyik. Eyni zamanda, biz Rusiya-Türkiyə münasibətlərinin isti olmasına nəzər yetirməliyik. Son illərdə baş verən bir çox ziddiyətli proseslər, müharibələr, qarşıdurmalar, ölkələrin maraq dairəsinin qorunub saxlanması məsələlərini də nəzərə alsaq, deyə bilərik ki, Türkiyə bu münasibətləri qoruyub saxlaya bilib. Hətta inkişaf da etdirib. Rusiya ilə Türkiyə arasında hər hansı bir ciddi fikir ayrılığı olmayıb, bir-birini dəstəkləyiblər. Türk dünyasının bir hissəsi olan Şimali Kipr Cümhuriyyətinin də bu cür addımlar atması, Rusiyadan böyük gözləntiləri olması, münasibətləri inkişaf etdirməsi istiqamətində atılan addım müsbət qiymətləndirilə bilər. Çünki Rusiya ilə əlaqələrin qurulmasına bu gün böyük önəm verilir. Region həm iqtisadi, həm də siyasi baxımdan elə bir vəziyyətdədir ki, buna ehtiyac var. Müharibələr idxal - ixrac əməliyyatlarına, ticari əlaqələrin inkişafına çox böyük, ciddi zərbələr vurub. Əlbəttə, bu proseslərdə itirən ayrı - ayrı dövlətlərdi. Bu dövlətlər çalışırlar ki, öz iqtisadiyyatlarını inkişaf etdirsinlər, tənəzzülə doğru getməsinlər. Xüsusilə də, Qərbin həm iqtisadi, həm siyasi basqıları altında əzilməsinlər. Bu gün Şimali Kipr Türk Cümhuriyyətinə Avropa səviyyəsində basqılar var. Mən hesab edirəm ki, bu istiqamətdə həmin Cümhuriyyətin rəhbərliyi inkişafın perspektivlərini Rusiya ilə münasibətlərin qurulmasında görür”.
Məhəmmədəli QƏRİBLİ