Moskva-İrəvan gərginliyi günbəgün artır...
“Moskva və İrəvan arasında müttəfiqlik əlaqələri sınağa çəkilir”. Bu fikir Rusiya xarici işlər naziri Sergey Lavrovun Moskvada keçirilən “Rusiya-Ermənistan” ictimai forumunun iştirakçılarına ünvanlanan məktubunda yer alıb.
Lavrov daha sonra qeyd edib: “Bu gün Qərbin qardaş xalqlarımız arasında münasibətlərə zərbə vurmaq cəhdləri fonunda Moskva və İrəvan arasında müttəfiqlik əlaqələri möhkəmlik baxımından sınanır”.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin də Qərbin İrəvan tərəfindən regiona cəlb edilməsini yolverilməz hal adlandırıb: "Tarixi, indiki faktlar onu göstərir ki, bizim üçün regional problemləri region ölkələrindən daha yaxşı heç kim həll edə bilməz. Regional problemlərin həllinə qeyri-regional oyunçuları cəlb etmək cəhdləri ən yaxşı halda heç nə ilə bitər. Ən pis halda isə qlobal miqyasda ciddi fəlakətlə nəticələnər”. Bütün bunlara paralel olaraq, Moskva İrəvanı Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair Rusiyanın vasitəçiyi ilə əldə olunmuş razılaşmanı pozmaqda ittiham edib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu barədə verdiyi bəyanatda deyib: “Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin olmadığı bir şəraitdə biz bu mühüm sənədlərin etibarsızlaşdırılması cəhdlərini son dərəcə təhlükəli hesab edirik. Belə addımlar ilk növbədə Ermənistanın özü üçün qaçılmaz risqlərlə nəticələnəcək”. Zaxarova daha sonra vurğulayıb ki, Ermənistan bu risqlərdən Qərbin psevdovasitəçilərinin köməyi ilə yayına bilməz: “Ayrıca olaraq erməni tərəfi aylardır ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının 9-cu maddəsini pozmaqla Azərbaycan və Ermənistan arasında dəmir yolu komunikasiyalarının bərpa olunmasını bloklamaqdadır”. “Azatutyun” radiosu bildirir ki, sözügedən bəyanatın 9-cu bəndində söhbət Azərbaycan və Naxçıvan arasında adamların, maşınların və yüklərin hərəkətinə Rusiya sərhədçiləri tərəfindən nəzarət ediləcəyindən gedir. Lakin Ermənistan bəyan edir ki, burada söhbət Rusiya sərhədçilərinin nəqliyyatı müşayiət etməsindən yox, hərəkəti yalnız monitorinq etmək funskiyasından gedə bilər. Rusiya Xarici İşlər Nazirliyi Nikol Paşinyan administrasiyasına Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə 2020-ci il müharibəsi dövründə və ondan sonra əldə olunmuş başqa razılaşmalardan geri çəkilməmək xəbərdarlığı edib. “Azatutyun” bunlar fonunda yazır: “Belə görünür, Azərbaycan Naxçıvanla xüsusi nəqliyyat rabitəsinin Ermənistanın nəzarəti altında olmamasını tələb edib”. Bu da qeyd olunur ki, sözügedən məsələ baş nazir Nikol Paşinyan Rusiya baş nazirinin müavini Aleksey Overçuku qəbul edərkən geniş müzakirə olunub. Ermənistan baş nazirinin mətbuat xidmətinin məlumatına görə, Paşinyan Overçuka İrəvanın regional nəqliyyat kommunikasiyalarının Ermənistanın suverenliyi və yurisdiksiyası altında açılması vədinə sadiq qaldığını bildirib. Overçuk isə deyib ki, üçtərəfli komissiya Ermənistan-Azərbaycan dəmir yolunun açılması üçün imzalanmaya yüksək səviyyədə hazır olan sənəd təqdim edib. Lakin o tərəflərin bu sənədi imzalamaqdan niyə imtina etməsinin səbəblərinə toxunmayıb.“Azatutyun” yazır ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyantından əsas məqsəd Qarabağda döyüşlərin dayandırılması və yeni toqquşmaların qarşısının alınması idi. Erməni tərəfi bildirir ki, Rusiya bəyanatın şərtlərini yerinə yetriməyib. İrəvana görə, Avropa İttifaqı və ABŞ-dan fərqli olaraq, Rusiya Azərbaycanın bir sıra hərəkətlərini pisləməkdən də imtina edib. Zaxarova əksinə, Ermənistanın bütün silahlı qüvvələrini Qarabağdan çıxarmaqdan imtina etməsinə dair Azərbaycanın yanaşmasını təkrar edib. Rusiya XİN-in nümayəndəsi Moskvanın belə bir ittihamını bir daha təkrar edib ki, ermənilərin Qarabağdan çıxmasına səbəb Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü və Bakının Qarabağ üzərində suverenliyini tanıması olub. “Azatutyun” yazır ki, Moskvanın İrəvana xəbərdarlığı Ermənistanın Qərb vasitəçilərinə daha çox meyl etdiyi və əksinə, Rusiyanın rəhbərlik etdiyi qurumlara, ilk növbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) etinasızlığı ilə eyni vaxta təsadüf edir. Ermənistan parlamentinin spikeri Alen Simonyan KTMT-ni “cinayətkar fəaliyyətsizlikdə” ittiham edib və Ermənistanın Rusiyanın başçılıq etdiyi bu qurumdan çıxacağını istisna etmədiyini deyib: “Əgər Ermənistanın maraqları xarici siyasətdə 180 dərəcə gönüş tələb edirsə, belə bir dönüş olacaq. Əgər belə bir qərar qəbul edilərsə, Ermənistan xalqına bu barədə məlumat veriləcək. Bir sıra hallarda KTMT Ermənistana münasibətdə ən azı cinayətkar hərəkətsizlik nümayiş etdirib. Qoy heç kim düşünməsin ki, biz KTMT ölkələri əsgərlərinin bura gələrək azərbaycanlılara güllə atacağını gözləyirdik və ya gözləyirik. Amma biz ən azı vəziyyətin siyasi qiymətləndirilməsini görmək istəyirdik, lakin bunu görə bilmədik”. Simonyan vurğulayıb ki, KTMT və Rusiya 2021-ci ildə sərhəd boyunca hərbi əməliyyatları pisləməkdən imtina edib. Paşinyan Moskvadan arzu etdiyi hərəkəti görmədikdən sonra bəyan etmişdi ki, Rusiya Ermənistan qarşısında öhdəliklərini ya yerinə yetirə bilmir, ya da bunu etmək istəmir. O əlavə etmişdi ki, Ermənistan xarici və təhlükəsizlik siyasətini “şaxələndirməyə” məcburdur. O və Ermənistanın başqa vəzifəli rəsmiləri son aylarda KTMT-nin və Rusiyanın başçılıq etdiyi başqa qurumların tədbirlərini boykot ediblər. amma Alen Simonyan, KTMT-ni sərt tənqid etməsinə rəğmən, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olaraq qalacağını bildirib. Lakin Rusiyanın buna razı olacağı inandırıcı hesab edilmir.
Nahid SALAYEV