“ÖZÜNÜ SEV! İntihar çıxış yolu deyil” adlı kitab çap olunub
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Həyata pozitiv baxaq!” adlı layihə həyata keçirilir. Layihə çərçivəsində “ÖZüNü SEV! İntihar çıxış yolu deyil.” adlı kitab çap olunub. Kitabda intihar problemləri, intiharların baş vermə səbəbləri, intihar hadisəsi baş verməzdən əvvəl insanın özünəqapanma halları , depressiyaya düşməsi və digər problemlər həm tibbi, həm də elmi tərəfdən izah olunub.
Layihə çərçivəsində yeniyetmə şagirdlər və gənclərlə intihar mövzusunda tədbirlərin keçirilməsi və həmin tədbirlərdə çap olunan kitabın tədbir iştirakçılarına paylanması nəzərdə tutulub. Layihənin ilk tədbiri Binəqədi rayonu, Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə keçirilib. Tədbirə yüz nəfərdən artıq iştirakçı qatılıb. Eyni zamanda cəmiyyət içində tanınan, söz sahibi olan təcrübəli qonaqlar da dəvət olunub. Əməkdar İncəsənət Xadimi, şair Baba Vəziroğlu, Bakı-xəbər qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev, Əməkdar jurnalist, bayraqdar.info saytının baş redaktoru, siyasi şərhçi Azər Həsrət tədbirin qonaqları arasında olub. Birliyin sədri, layihə rəhbəri Lamiyə İsazadə açılış nitqində ilk öncə layihənin donoru və mövzusu haqqında tədbir iştirakçılarına məlumat verib. Daha sonra o, layihə çərçivəsində çap olunan kitab haqqında danışıb.
L.İsazadə şagirdlərə intiharın doğru seçim olmadığını, intihara qarşı necə mübarizə aparmalı olduğumuzu şagirdlərə izah edib. Sonra sözügedən məktəbin direktoru, Əməkdar müəllimə Almaz Həsrət çıxış edərək, gündəmin ən aktual probleminin layihə şəklində həyata keçirilməsinə görə layihə rəhbərinə təşəkkürünü bildirib və özü də bu mövzuda şagirdlərə dəyərli məsləhətlərini verib. Tədbirin həm qonağı həm də moderatoru olan Azər Həsrət də intiharın yanlış addım olması haqqında yeniyetmələri xeyli maarifləndirib. Tədbirdə iştirak edən ictimai xadim, şair Baba Vəziroğlu “Ali Baş Komandan” şeiri ilə öz çıxışına başlayıb.
O, Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməyə çalışan və bunu bacaran cənab Prezidentə öz təşəkkürünü bildirmək üçün ilk öncə ona həsr etdiyi şeiri səsləndirib. Bundan sonra isə mövzu haqqında öz fikirlərini şagirdlərlə bölüşüb. Tədbirdə çıxış edən siyasi şərhçi Aydın Quliyev, şagirdlərlə belə ağrılı mövzunu paylaşdığı, müzakirə etdiyi üçün kədərləndiyini bildirib. O, şagirdlərlə hər zaman daha pozitiv mövzularda söhbət etmək, fikir mübadiləsi aparmaq istədiyini söyləyib. Aydın Quliyev intiharın çıxış yolu olmadığını və layihə çərçivəsində çap olunan kitab haqqında öz müsbət fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Tədbirin sonunda “Özünü sev!” kitabı iştirakçılara paylanılıb, şagirdlərin ifasında şeir və mahnılar səsləndirilməklə pozitiv sonluq təmin edilib.