ABŞ-dan Azərbaycanla Ermənistan arasında əsirlərin dəyişdirilməsi ilə bağlı açıqlama - "...sülh mümkündür"
ABŞ Azərbaycan ilə Ermənistan arasında saxlanılan hərbçilərin dəyişdirilməsini alqışlayır. Trend-in məlumatına görə, bu barədə brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.
"Biz [bu addımı] təşviq edirik və hər iki hökumətlə danışıqlar aparmışıq. Biz bu gün səhər saatlarında saxlanılan ermənilərin və azərbaycanlıların qaytarılmasını, həmçinin tərəflər arasında əlavə etimad tədbirlərinin müzakirə olunduğu barədə xəbərləri alqışlayırıq. Biz prosesi irəli aparmaq üçün Ermənistan və Azərbaycanla işləməyə davam edəcəyik. Biz inanmaqda davam edirik ki, hər iki tərəf buna səy göstərsə, sülh mümkündür", - deyə o bildirib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Ermənistan Respublikasının Baş Naziri Aparatı arasında aparılan danışıqların nəticəsi olaraq, bu gün Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində Azərbaycan və Ermənistan arasında saxlanılan hərbçilərin dəyişdirilməsi həyat keçirilib.
Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edib.
Hərbçilərimiz bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşmüşdü. Sonradan məlum olmuşdu ki, onlar əsir düşüblər.