Borrel ermənipərəstliyini "Şərq Tərəfdaşlığı"nda da göstərdi... "ermənilərə güclü dəstək verməliyik"...
Tofiq Abbasov: “Azərbaycanın Qərblə ptoblemi yoxdur, onlar bizim qələbəmizi həzm edə bilmir”
Avropa İttifaqı xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel bildirib ki, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri qurumun Ermənistandakı mülki missiyasının sayını artıracaq:
“Bu gün Aİ Şurası Ermənistandakı mülki missiyamızı gücləndirmək, oradakı mövcudluğumuzu 138 nəfərdən 209 nəfərə çatdırmaq qərarına gəlib”.
Bir yandan Azərbaycan Avropa Birliyindən obyektiv vasitəçilik umur, digər tərəfdən isə onlar Ermənistanda missiya adı ilə olan “qoşunlarının” sayını artırırlar. Avropanın bu gedişini necə dəyərləndirmək olar?
Siyasi şərhçi Tofiq Abbasov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanla Ermənistan arasında baş verən bu proseslər, çox ləng gedən danışıqlar bilavasitə kollektiv Qərbin dırnaqarası “xidmət”lərinin nəticəsidir: ”Ermənistanı əlindən tutub kənara çəkən məhz Avropa İttifaqı ilə ABŞ-dır. Bu yaxınlarda ABŞ - da Azərbaycanla bağlı riyakar dinləmələr, Azərbaycanın ünvanına səsləndirilmiş lazımsız fikirlər, ittihamlar ondan xəbər verir ki, Azərbaycanın sərbəst, süveren siyasət yeritməsi Qərbin ürəyincə deyil. Onlar ciddi cəhdlə çalışırlar ki, bu proseslərdə bizə təzyiq göstərsinlər, bizim əl - ayağımıza dolaşsınlar, geniş manevr imkanlarımızı məhdudlaşdırsınlar, qadağalar qoysunlar. Avropa İttifaqının guya müşahidəçi adı altında fəaliyyət göstərən kontingent sayını artırması gedişi nəyə xidmət edir? Bəllidir ki, Azərbaycan tərəfindən onlara heç bir təhdid yoxdur. Təhdid Ermənistan tərəfindən var. Biz iki-üç yüksəklik götürmüşük ki, Ermənistanı tərksilah edək. Bunun da adını qoyurlar işğal. Guya biz Ermənistan ərazisində yerləşmişik, onların bir qisim ərazilərini özümüzə bağlamışıq. Amma bu əslində mümkün deyil. Çünki əvvəl gündən Azərbaycan Ermənistana əməkdaşlıq təklif etdi, müxtəlif inteqrasiya formatları təklif etdi. Ermənistan isə, bir qayda olaraq, heç bir addım atmadı. Danışıqda Ermənistan normal danışsa da, hərəkətdə heç nə etmək istəmir. Onlar bunu çox gözəl bilirlər. Ona görə də, Ermənistanın bu proseslərdən qaçması, vakuum yaratmaq cəhdləri məhz Qərbin ssenarisi üzrə gedir. Azərbaycan Ermənistana təklif etdi ki, kommissiyalar yaradılıb, gəlin birgə delimitasiyanı keçirək, demarkasiya olsun. Əgər Ermənistan əməkdaşlıqdan qaçmasa idi, həqiqətən də bölgədə çox ümidverici vəziyyət formalaşardı. Ancaq biz görürük ki, Qərb durmadan, bilərəkdən bu proseslərin gərginliyini artırmaq niyyətindədir, çalışır ki, hər şeyi müharibə müstəvisində etsin. Zorla cəmiyyətlərə təlqin edirlər ki, guya Azərbaycan müharibəyə hazırlaşır. Halbuki, bizim belə bir niyyətimiz yoxdur. Biz qalib dövlətik, istədiklərimizi etmişik. Amma Avropa İttifaqı Amerikanın təkidi ilə bölgədə yenidən münaqişəni qızışdırmağa, bölgəyə daxil olmağa çalışır. Amerikanın əsas istəyi Rusiya ilə İranı burdan uzaqlaşdırmaqdır. Prezident İlham Əliyevdən irəli gələn altılıq formatı onların ürəyincə deyil. Onlar bu formata düşmən formatı kimi baxırlar, lazımsız bilirlər və əllərindən gələni edəcəklər ki, bu format reallaşmasın. Tehran görüşündə olan məsləhətləşmələrə görə Qərbin cavabı verilib. Söhbət ondan gedir ki, bölgəyə aid olmayan qüvvələrin iştirakı olmadan proseslər həll olunsun. Burda dövlətlərin gücü, bacarığı da göz qabağındadır. Yarana biləcək risqləri düzgün qiymətləndirə bilərlər. Ona görə də, bölgə dövlətlərinin öz güclərini bir yerə toplaması Amerikanın, Qərbin ürəyincə deyil. Bu nizamın formalaşdırılması, bölgənin təhlükəsizliyi elə bir məsələdir ki, bunu kənar qüvvələrə həvalə etmək qəti olmaz. Əgər bu baş verərsə, burda fəsadlar yaşanacaq. Çünki onlar bura xoş niyyətlə gəlmirlər. İstəkləri ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında qarşıdurma mövqeyi güclənsin, onlar da bunu bəhanə edərək əraziyə gəlirlər ki, Rusiya sülhməramlılarını buradan uzaqlaşdırsınlar. Azərbaycanın Qərblə ptoblemi yoxdur, onlar bizim qələbəmizi həzm edə bilmir. Gəlin yaddan çıxarmayaq ki, biz həm də müsəlman və türk olduğumuz üçün onlara yad sayılırıq”.
Məhəmmədəli QƏRİBLİ