32 hərbçi 2 nəfərə niyə dəyişdirildi - Qriqoryanın izahı və həqiqət, "hamının hamıya" prinsipi işlədi...
İbrahim Rüstəmli: “Azərbaycan əsirlərin dəyişməsi ilə bağlı məsələdə hər zaman “hamının hamıya” prinsipini ortaya atıb”
Ermənistanla Azərbaycan arasında hərbiçilərin dəyişməsi ilə bağlı aparılan danışıqlarda heç bir vasitəçi iştirak etməyib. Bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyanın efirində əsirlərin mübadiləsi haqda danışarkən deyib.
Armen Qriqoryan Azərbaycanın niyə 32 əsiri 2 hərbi qulluqçuya dəyişməyə razı olmasına bu cür aydınlıq gətirib:
“Bu, danışıqların və razılaşmanın nəticəsidir. Bilirsiniz ki, iqlim dəyişikliyi ilə bağlı konfrans keçirilir və Azərbaycan bu tədbiri özü üçün vacib hesab edir. İrəvan da öz növbəsində bu konfransı Ermənistanda təşkil etmək üçün ərizə vermişdi, lakin danışıqlar davam etdiyindən və Azərbaycan böyük maraq göstərdiyindən Ermənistan güzəştə getməyə razı oldu və Azərbaycanın namizədliyini dəstəklədi. Və bununla da biz razılığa gəldik”.
Yəni Azərbaycan bir tədbirə ev sahibliyi etməyə görə buna gedərmi? Hələ bir neçə il əvvəl Azərbaycan hərbi əsirləri “hamının-hamıya” prinsipi əsasında dəyişməyi təklif etmişdi, ancaq Ermənistan buna razı olmadı. Azərbaycan elə öz əvvəlki prinsipinə uyğun davranıbsa, buna başqa ad vermək nəyə lazım?
Hərbi-siyasi ekspert İbrahim Rüstəmli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanla Ermənistan arasındakı hərbi əsirlərin mübadilədində 3-cü dövlətin iştirak etməməsi ölkəmizin əldə etdiyi uğurlarla bağlıdır: “Azərbaycan dəfələrlə Qarabağ məsələsinin həllində heç bir ölkənin köməyinə ehtiyacın olmadığını bəyan edib. Biz bu məsələni öz daxili problemimiz saymışıq. Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi sülhə dəstək ifadə edir. Ermənistanda da bəzi qüvvələr Azərbaycanla münasibətin sülh şəraitində davamının tərəfdarıdır. Ermənistan başa düşür ki, bizimlə və Türkiyə ilə münasibətlərini düzəltməsə, vəziyyəti daha da pisləşəcək. Ölkəmiz sülhün təminatı ilə bsğlı bütün öhdəliklərini yerinə yetirir. Erməni rəsmilərin əsir sayı ilə bağlı dedikləri daxili auditoriya üçün nəzərdə tutulub. Biz yeri gələndə güzəştə getməyi də normal addım kimi qəbul edirik. Hansısa tədbirə ev sahibliyinə görə belə güzəştə getməklə bağlı deyilənlər həqiqəti əks etdirmir. Saxta “Artsax”ın rəhbərlərini necə Bakıya gətirdiksə, bizə qarşı cinayətlərdə əlləri olanları da bu şəkildə edəcəyik. Azərbaycan əsirlərin dəyişməsi ilə bağlı məsələdə hər zaman “hamının hamıya” prinsipini ortaya atıb. Burada say məsələsi önəmli olmayıb. Hətta bizim əlimizdə erməni diversantlar olmayanda belə bu təklifi irəli sürdük. İndi də həmin prinsipə riayət etdik. Hadisələrin axarı sülhə töhfə verəcəyini şərtləndirir. Burada başqa mənalar axtarmaq yersizdir”.
Azərbaycan və Ermənistan arasında razılaşmaya görə 32 erməni hərbçisi 2 azərbaycanlı hərbçi ilə dəyişdirilir. Say arasında böyük fərq olsa da, burada iki məsələ əhəmiyyətlidir: 1. Məsələ nə qədər hərbçinin qaytarılması, yaxud alınması yox, qarşılıqlı etimad mühitinin yaradılmasına dair razılaşmadır.
2. Ermənistanın əlində Azərbaycanın iki hərbçisi var və rəsmi Bakı üçün vacib olan nə qədər erməninin qaytarılması yox, öz hərbçilərinin azad edilməsidir.
Məhəmmədəli QƏRİBLİ