Makron Ermənistan məsələsində Putin üçün başağrısına çevrilir
Mətləb Salahov: “Moskva Cənubi Qafqazda yaratdığı marionet dövlətin onun əlindən çıxmasına imkan verməyəcək”
“Açıq görünən odur ki, bölgədə Qərb və Rusiya arasında “əsəb müharibəsi” gedir”
Qərb, əlaxüsus da Emmanuel Makron Fransası var gücü ilə Cənubi Qafqazda yeni müharibə ocağı yaratmaq, Rusiyanın bölgədən sıxışdırılması, Ermənistanın bu məsələdə marionet dövlət kimi istifadə olunması, ən əsası da rəsmi İrəvanın Rusiya ilə bütün rıçaqlarını mərhələ-mərəhələ kəsib atmaq barədə ciddi cəhdlər edir. Əli dünyanın hər yerindən üzülən və keçmiş müstəmləkə ərazilərindən hörmətsizcəsinə qovulan E.Makronun əsas “dayanacaq” kimi bu gün İrəvanı seçməsi, bölgədəki əsas aparıcı qüvvə olan Rusiyanı da ciddi narahat edir. Qərbin regiondakı təxribat siyasəti üçün özünü koordinator elan edən uğursuz Fransa prezidentinin bu məsələdə dəridən-qabıqdan çıxdığı, Ermənistanda anti-Rusiya siyasəti üçün informasiya və maliyyə lobbisinə çevrilməsi də dediklərimizi aydınca sübut edir.
Jurnalist-ekspert Mətləb Salahov “baki-xeber.com”a açıqlamasında bildirib ki, bu məsələ son bir neçə ay ərzində daha aktiv fazaya keçib. Nikol Paşinyanı Parisə aparıb Ağ Evin yeni sahibi Donald Trampla yanaşı şəklini çəkdirən Yelisey Sarayı, Nikol Vavayeviçi Qərb siyasi dairələrinə Cənubi Qafqazdakı gələcək təxribat planları üçün “sınanmış kadr” kimi təqdim etməyə başlayıb.
Əlbətddə, tarix boyu bölgədəki ən böyük təxribat və satqınlıq işlərində beynəlxalq güclər ermənilərdən və marionet Ermənistan dövlətindən daha yaxşısını tapmayıblar. Təkcə Cənubi Qafqazın cəmi son bir neçə yüzilliyinə nəzərə salmaq kifayətdir ki, ermənilərin bölgədə oynadıqları missiyaya tam bələd olasan. Bu məsələdə E.Makron “əla seçim” edib. Amma Kremlin Qərbin Ermənistanı belə şəkildə zombiləşdirməsinə göz yumacağı, yaxud hansı səbəblərə görəsə rəsmi Parisin bu hərəkətlərinə güzəştə gedəcəyi ağlabatan deyil. Çünki Kremldə əla anlayırlar ki, günü bu gün Gürcüstandakı hakimiyyəti süquta uğradıb rəsmi Tbilisini Qərbə sürükləmək üçün hər şeyi edən Qərbdəkilər üçün əsas dayanacaq heç şübhəsiz ki, satqınlıq və təxribat işində nömrə bir sayılan Ermənistan olacaq.
Məncə, Rusiya Ermənistanı əldən verməməyə çalışacaq. Həttda bunun üçün mümkün olan və olmayan hər şeyi edəcək. Çünki əsrlərdir bölgədə Moskvanın təxribat maşını və siyasi maşası kimi ad çıxaran belə bir marionetin əldən çıxmasını Moskva qəbul edə bilməz. Düzdür, bu proses region üçün ciddi problemlər yarada bilər, amma Kreml administrasiyasının Ermənistanı Qərbin əlinə təslim edəcəyi mümkünsüz məsələdir. Xüsusilə Baltikyanı ölkələrdən, Moldova və Ukraynadan sonra Ermənistanın da əldən çıxması Moskva üçün olduqca ağır zərbə sayılacaq. Çünki N.Paşinyan hakimiyyətinə qədər bütün dövrlərdə Rusiya Cənubi Qafqaz siyasətini məhz Ermənistanın üzərindən reallaşdırırdı. Üstəlik, Ermənistanın iqtisadi imkanlarının böyük əksəriyyəti, bank və maliyyə sektoru da Rusiyanın əlindədir. Buyurun, Rusiyanın baş naziri Mixail Mişustin “Rossiyskaya qazeta”ya müsahibəsində bəyan edir ki, Ermənistan onun ölkəsi üçün əsas ticarət tərəfdaşıdır. Nə az, nə çox düz 41 faizlik dövriyyədən söhbət gedir. Üstəgəl əksər ermənilər məhz Rusiyada mövqe tutub, əlləri “çörəyə çatıb”, Moskva sayəsində gün görüblər. Hazırda primitiv və nüfuzsuz da olsa Rusiyanın media və iqtisadi sektorunda kifayət qədər erməni çalışır. Daima ermənilərə qarşı həssas və ərköyün mövqe tutan Moskvanın elə Ermənistan üzərindən Azərbaycanın özünə qarşı hansı ədalətsizliklər törətdiyini hamıdan yaxşı biz xatırlayırıq. Hazırkı Ermənistan hakimiyyətinin anti-Rusiya isterikasına baxmayaraq Kremlin İrəvanın üstündən xətt çəkəcəyi, onu Qərbdəkilərin qucağına atacağı ağlabatan proqnoz deyil.
Məsələn, günü sabah Ermənistanda Rusiyanın istədiyi siyasi fiqur hakimiyyətə gətirilən kimi, Moskvanın bu günkü anti-Ermənistan siyasətindən və Azərbaycana olan hazırkı loyal münasibətindən əsər-əlamət belə qalmayacaq. Burası belədir, bu gerçək siyasi reallqıdır. Kremldə istər Vladimir Putin olsun, ya da sabah onun yerində bir başqası əyləşsin - bu amil Moskvanın Cənubi Qafqazda Ermənistan barədə siyasətində heç bir dəyişiklik yaratmayacaq.
İşin əsas tərəfi də bu gün Ermənistanın Rusiya və Qərb arasında rəqabət meydanına çevrilməsidir. Qərb bu marionet dövlətin bundan sonra onun xidmətində olması üçün can atır. Deyəsən Qərbdəki təxribat texnoloqları Ukrayna və Gürcüstandan sonra “dişə dəyən” təxribat ocağı kimi İrəvanın üzərində dayanmağa israrlıdırlar. Təkcə ABŞ-ın dünyada ən böyük səfirliyinin Ermənistanda olduğuna nəzər yetirmək kifayətdir ki, Cənubi Qafqaz uğrunda Rusiya-ABŞ mübarizəsinin ciddiliyini anlayasan. Amma Rusiya regionda öz mövqeyini əldən vermək istəmir. Rusiya Ermənistanda öz varlığını davam etdirmək üçün səylərini davam etdirəcək və bu siyasətdə daha səs-küylü addımların yaxın zamanlarda gerçəkləşəcəyi şübhə doğurmur. Çünki hazırda Tbilisidəki qarşıdurmalarda məğlub tərəfə çevrilən Qərb dairələri, Ermənistanı Moskva əleyhinə daha aktiv fazaya sürükləyəcəklər ki, bu da Kremlin sərt cavabı ilə qarşılanacaq. Açıq görünən odur ki, bölgədə Qərb və Rusiya arasında “əsəb müharibəsi” gedir. Lakin bunun bir gecədə sərt hərəkətlərə və hərbi əməliyyatlara çevrilməsi də an məsələsidir.”
Namiq Quliyev