Türkiyə və ABŞ Suriyada toqquşma həddinə çatdılar...
![Image](/uploads/posts/2024-12/syria-turkey-usa.webp)
Abutalıb Səmədov: "Hazırda Rusiya və İranın müqaviməti əvvəlki səviyyədə deyil, bu gün Türkiyənin qarşısında dayanan əsas güc ABŞ-dir"
Türkiyə və onun müttəfiq qüvvələri Suriya ilə sərhəddə qüvvələr toplayır ki, bu da Suriya kürdlərinin nəzarətində olan ərazilərin işğalına hazırlığın göstəricisi ola bilər. Vəziyyət ABŞ-da narahatlıq və təşviş doğurur, The Wall Street Journal (WSJ) yüksək rütbəli Amerika rəsmilərinə istinadən yazır.
Mənbələrin bildirdiyinə görə, Ankara çoxlu sayda komando döyüşçüləri, xüsusi təyinatlılar və artilleriya ilə sərhəd yaxınlığında toplanır.
Nəşrin qeyd etdiyi kimi, qüvvələrin cəmləşməsi Suriyanın şimalında yerləşən Kobani (Ayn əl-Ərəb) şəhəri yaxınlığında aparılır.
WSJ yazır ki, bu şəhərin əhalisinin əsas hissəsi kürdlərdir.
Nəşrin həmsöhbətlərindən biri türk hücumunun qaçılmaz olduğuna və onun yaxın gələcəkdə başlaya biləcəyinə əminliyini ifadə edib.
WSJ-nin məlumatına görə, bundan az əvvəl kürdlərdən ibarət Suriya Demokratik Qüvvələrinin (SDQ) nümayəndəsi İlham Əhməd ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa məktub yazaraq, ondan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana təsir göstərməsini və onu Suriyaya müdaxilədən çəkindirməsini istəyib. Onun sözlərinə görə, Türkiyənin əməliyyatı Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə qədər kürd əraziləri üzərində faktiki nəzarətin yaradılmasına yönəlib.
SDQ sözçüsü qeyd edib ki, Türkiyə hücum etsə, “nəticələri fəlakətli olacaq”.
Bundan əvvəl sosial şəbəkələrdə, o cümlədən X-də Ərdoğan və Türkiyənin xarici işlər naziri Hakan Fidanın “Suriyanı kürdlərdən təmizləməyə” çağırdığına dair xəbərlər yayılmışdı. Bundan sonra Türkiyə prezident administrasiyası təkzib edərək, bu mesajları terror təşkilatlarının yaydığı dezinformasiya adlandırıb.
Suriya məsələsində Türkiyə ilə ABŞ-ın maraqları toqquşa bilərmi?
Baki-xeber.com-un sualına cavabında politoloq Abutalıb Səmədov bildirdi ki, Türkiyə ilə Amerikanın maraqları uzun müddətdir ki, toqquşur: "Çox təəssüflər ki, ABŞ Türkiyənin haqli tələblərinə və əsasli narahatliqlarina hec vaxt əhəmiyyət verməyib. Söhbət ondan gedir ki, Amerika İraq ərazisində yaşayan 6,5 milyon etnik kürd üçün muxtar qurum yaradıb - əslinə qalsa, bu müstəqil dövlətdir. Yeni addımı Suriya ərazisində atmaq istəyirlər. Məlumdur ki, Suriyada təxminən 3,5 milyon kürd yaşayır və onlar ölkənin şimalında və şimal-şərqində yerləşiblər. Burada da ABŞ İraqdakı kimi kürd muxtariyyəti yaratmaq fikrindədir. Təbii ki, bu, Türkiyəni çox narahat edir. Çünki Turkiyə ərazisində təqribən 20 milyon kürd yaşayır. Növbəti addım Türkiyə ərazisində yaşayan kürdlər üçün muxtariyyətin yaradılması tələbi ola bilər və bu, Türkiyə dövlətçiliyi üçun çox ciddi təhlükədir.
Digər tərəfdən, Türkiyə PKK-nı və onun İraq və Suriyadakı qolları olan YPG/PYD-ni terrorcu təşkilat hesab edir. ABŞ isə PKK-nı terror təşkilatı kimi tanısa da, YPG-ni terror təşkilati hesab eləmir və ona bacardığı qədər yardım göstərir. Bu yardımın həcmi ildə təqribən 150-200 milyon dollar təşkil edir. Bundan başqa, kürdlərə digər yardımlar da göstərilir və bu da Türkiyəni narahat etməyə bilməz".
"Dəfələrlə Türkiyə YPG-yə qarşı əməliyyatlar keçirmək istəyib, öz sərhədlərinin təhlukəsizliyini təmin etmək məqsədi ilə tədbirlər planlaşdırıb. Lakin onun qarşısında ya ABŞ, ya Rusiya, ya da İran maneə kimi dayanıb. Müxtəlif formada bu əməliyyatların keçirilməsinə etiraz ediblər. 2019-cu ilin əvvəllərində - hələ Trampın prezidentliyi dönəmində Türkiyənin Suriya ilə sərhəddə əməliyyat keçirmək planına ABS kəskin şəkildə etiraz elədi. O dövrdə Tramp belə bir bəyanat verdi ki, Türkiyə Suriya kürdlərinə qarşı hər hansı bir addım atsa, mən böyük müdrikliyimlə bunu yolverilməz sayacam, onda Türkiyəyə qarşı kəskin addımlar atılacaq. Tramp digər siyasətçilərdən öz "təvazökarlığı" ilə seçilir, onun bu cür ifadələr işlətməkdən - öz "müdrikliyidən", özünün "böyük ağıl"ından danışmaqdan çəkinmir. 2019-cu ilin həm əvvəlində, həm də sonunda Tramp Türkiyəni ciddi şəkildə hədələdi. O, kürdlərə qarşı əməliyyat keçirəcəyi təqdirdə Türkiyə iqtisadiyyatını çökdürəcəyini və məhv edəcəyini dedi. Trampın bu hədəsi bir dəfə öz bəhrəsini vermişdi. Keşiş Endryu Branson həbs edilərkən Tramp tələb elədi ki, o azad edilsin, rəsmi Ankara bunu qəbul etmədi. Bundan sonra isə Tramp Türkiyə iqtisadiyyatını çökdürməklə hədələdi və bu hədə öz nəticəsini verdi - keşiş azad edildi",- deyə ekspert vurğuladı.
O bildirdi ki, indi Türkiyə yaranmış əlverişli şəraitdən istifadə edərək öz sərhədlərinin təhlükəsizliyini təmin ermək və kürdlərin terrorçu dəstələrini sıradan çıxarmaq üçün əməliyyat keçirmək istəyir: "Hazırda Rusiya və İranın müqaviməti əvvəlki səviyyədə deyil, bu gün Türkiyənin qarşısında dayanan əsas güc ABŞ-dir. Bu yaxınlarda Blinkenin səfəri zamanı da Suriyadakı vəziyyət və oradakı kürdlərlə bağlı məsələ Hakan Fidanla müzakirə edilmişdir.
ABŞ nəyin bahasına olursa-olsun, Türkiyəni bu əməliyyatı keçirməkdən çəkindirməyə çalışır. Türkiyə isə Trampın andiçmə mərasiminə qədər müəyyən qəti addımlar atmaq fikrindədir. Çunki Trampı yaxşı tanıyırlar və onun müəyyən qədər avantüraya meyliliyi də hamıya məlumdur. Bu baxımdan Ankara yaranan əlverişli imkandan istifadə etmək istəyir. Amma mən hesab edirəm ki, "xalq müdafiə dəstələri" adlandırılan YPG - silahli kürd terrorçularına qarşı əməliyyat keçirməlidir, gələcəkdə belə bir imkan olmayacaq. Əks təqdirdə Türkiyə həm sərhədlərinin təhlükəsizliyini təmin edə bilməyəcək, həm də Suriyada kürd muxtariyyətinin yaranması və ölkədə separatizmin güclənməsi ilə üz-üzə qalacaq. Bu baxımdan indi çox əlverişli vəziyyət yaranıb və bu vəziyyətdən Türkiyə mütləq istifadə etməlidir.
Bu günlərdə Tramp mətbuat konfransı keçirdi, Suriyadakı hadisələri Türkiyənin törətdiyini dedi. Ancaq eyni zamanda, Ərdoğanın ünvanına da xoş sözlər söylədi. Hələlik Tramp andiçməyə hazırlaşır, Bayden hakimiyyəti son həftələrini yaşayır. Hesab edirəm ki, bu, Türkiyə üçün son dərəcə əlverişli məqamdır, bütün bu hədələrə baxmayaraq qəti addımlar atılmalıdır".
Dəniz NƏSİRLİ