Ermənistan Qarabağda tutulmuş hərbi caniləri azad etdirə bilmədi...
Mübariz Göyüşlü: “Onların törətdiyi cinayət əməlləri ilə bağlı təkzibolunmaz faktlar var”
Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə kifayətlənmədiyini, eyni zamanda bəşəriyyətə qarşı ağır cinayətlər törədənləri məsuliyyətə cəlb etməkdə qərarlı olduğunu dünyaya yüksək səslə bəyan edib.
Bəşəriyyətə qarşı ən ağır cinayətlərdə suçlanan şəxslərlə bağlı təhqiqat və bundan sonrakı ədalət məhkəməsi sadəcə hüquqi bir proses deyil, eyni zamanda diqqətdən yayınması mümkün olmayan əsl ədalətin təcəssümüdür.
Məlumat üçün bildirək ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan Respublikasının ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycan Respublikasına qarşı törədilmiş qanunsuz əməllərə dair cinayət işi məhkəməyə göndərilib.
Bu fakt sübut edir ki, həmin hərbi cinayətkarları məhkəməyə qədər azad etmək uğrunda Ermənistanın, erməni lobbisinin və erməni diasporunun bütün cəhdləri iflasa uğradı. Həm də o deməkdir ki, dünya artıq 44 günlük Vətən müharibəsinin yaratdığı reallıqlarla barışdı və qəbul etdi.
“Qanun-qaydaya, beynəlxalq hüquq normalarına uyğun olaraq məlum şəxslər məhkəmə qarşısına çıxarılıb”
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlu "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Azərbaycan dövləti və ölkə başçısı İlham Əliyev bəyan edib ki, müharibə cinayətlərində iştirak etmiş şəxslər həbs olunmalı və onlar müharibə caniləridir. Onların azad olunması gözlənilmir və mümkün olunası məsələ deyil: "Məlumdur ki, həmin şəxslərə konkret ittiham sürülüb, onların törətdiyi cinayətlər göz önündədir. Onların törətdiyi cinayət əməlləri ilə bağlı təkzibolunmaz faktlar var. Xatırladım ki, Araik Arutyunyanın Gəncəyə raket atılması ilə bağlı özünün videomüraciəti var. Bütün bunlar onu deməyə əsas verir ki, qanun-qaydaya, beynəlxalq hüquq normalarına uyğun olaraq məlum şəxslər məhkəmə qarşısına çıxarılıb. Bununla bağlı kiminsə, hansısa xarici təşkilatların fikir bildirməsi əsas deyil. Biz dəlil-sübutla addım atırıq. Biz qanun çərçivəsində onları cəzalandıracağıq".
Günel CƏLİLOVA