Əliyevdən Makrona sərt mesaj - "Biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik"...
“Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır”.Bu barədə prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirib.
Dövlət başçısı deyib ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çox olduğunu, bir çox yaşayış məntəqələrinin sərhədə yaxın yerləşdiyini və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlərin qayıtdıqlarını nəzərə aldıqda, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik: “Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma, təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir”. Bu arada qeyd edək ki, Ermənistanın müdafiə naziri Suren Papikyan Parisdə Fransa prezidentinin hərbi məsələlər üzrə müşaviri Fabien Mandonla hərbi əməkdaşlığın genişləndirilməsini müzakirə edib.Görüşdə həmçinin hərbi təhsil, tədris proqramları, hərbi sahədə əməkdaşlığa dair məsləhətləşmələrin keçirilməsi, eləcə də hərbi-texniki xarakterli məsələlər də diqqət mərkəzində olub. Bununla yanaşı, Papikyan fransalı həmkarı Sebastian Lekornu ilə görüşüb. Papikyan əvvəlki razılaşmaların həyata keçirilməsinin və yenilərinin əldə edilməsinin əhəmiyyətini vurğulayıb. S.Lekornu isə Fransanın ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyə sadiqliyini bildirib. Qeyd edək ki, Fransa Ermənistanla hərbi əməkdaşlığı dərinləşdirməyə və bu ölkəyə hərbi texnika, o cümlədən raket sistemləri verməyə hazırdır. Şübhəsiz ki, Ermənistana Fransanın silah satması ordusunda və bir çox siyasi dairələrində revanşist hisslərin hakim olduğu bu ölkəni Azərbaycana qarşı təkrar müharibəyə sövq etmək və regionu qana çalxalamağa xidmət edir. Ekspertlər qeyd edir ki, Fransa Ermənistandan istifadə edərək, bir tərəfdən bölgədə sülhün bərqərar olması prosesinə zərbə vurmaq, digər tərəfdən isə silah satışından gəlir əldə etmək istəyir. Bu strategiyanın bir neçə əsas aspekti var. Birincisi, Fransa siyasi manipulyasiya siyasəti yeritməklə, öz təsirini gücləndirmək üçün Ermənistanın ehtiyaclarından istifadə edir. Buraya təkcə hərbi yardım deyil, həm də beynəlxalq aləmdə diplomatik dəstək daxildir. İkincisi, müasir artilleriya qurğularının tədarükü Ermənistanı mövcud reallıqdan uzaqlaşdıraraq regionda gərginliyin artmasına səbəb ola bilər. Bu, Ermənistanın hərbi dəstək və texnologiya baxımından Fransadan asılılığını yaradır. Üçüncüsü, bu cür qeyri-konstruktiv addımlar Ermənistanın Fransadan iqtisadi asılılığını artırır ki, bu da Parisə lazım gəldikdə İrəvana təzyiq göstərməyə imkan verir. Bu da faktdır ki, Fransanın siyasi təsirinin gücləndirilməsi Ermənistanın suverenliyini və beynəlxalq arenada müstəqil qərarlar qəbul etmək imkanlarını daha da məhdudlaşdırır.
Ümumiyyətlə, proseslərin indiki gedişi Ermənistanın özü üçün böyük təhdid yaradır. Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev hələ ötən ay Bakıda Zəfər Parkının açılışında bayram münasibətilə Azərbaycan xalqını təbrik edərkən bildirib: “İkinci Qarabağ müharibəsinin, antiterror əməliyyatının nəticələri, hesab edirəm ki, Ermənistanın bu günə qədər düzgün addımlar atması üçün kifayətdir. Ancaq bir məsələ var, onu da biz unutmamalıyıq ki, bu gün bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər və mən dəfələrlə həm rəsmi çıxışlarımda, həm təmaslar əsnasında Ermənistan tərəfinə izah etməyə çalışırdım ki, bundan uzaq dursunlar, o fitnəyə getməsinlər. Öz maraqlarını təmin etmək üçün dostları sayılan bəzi Qərb dövlətləri onları qurban verməyə hazırdırlar ki, yenə Cənubi Qafqazda ara qarışsın, yenə qan tökülsün, yenə də onlar bulanıq suda balıq tuta bilsinlər. Hələ ki, gec deyil, ona görə Ermənistan bu silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır. Mən dəfələrlə bunu demişəm və onlar bilirlər ki, mənim sözümə diqqət yetirmək lazımdır. Hələ ki, gec deyil, bundan əl çəksinlər, onlar heç vaxt bizimlə rəqabət aparmaq gücündə olmayacaqlar”. Bunlar fonunda bir daha görünür ki, Cənubi Qafqazda dayanıqlı sülhün, xalqların birgə yaşayış və qarşılıqlı etimad mühitinin formalaşmasının qarşısında ən əsas əngəl Fransadır. Halbuki, Fransa BMT idarəçilərindən biri, Təhlükəsizlik Şurasının daimi üzvü kimi təşkilatın sülh və təhlükəsizlikdə ehtiva olunan məqsədlərinin realizə olunmasında, o cümlədən beynəlxalq hüquq normalarında əksini tapan prinsiplərin, ələlxüsus dövlətlərin əməkdaşlığı prinsipinin təmin olunmasında qlobal öhdəlik daşıyır. Lakin bu gün Fransa faktiki olaraq beynəlxalq hüquq prinsiplərini, BMT Nizamnaməsini və bütövlükdə ümumbəşəri dəyərləri özünün imperialist, təcavüzkar mahiyyətdə ehtiva olunan riyakar maraqlarına qurban verərək, irticaçı subyekt kimi çıxış edir. Həmçinin revanşist təfəkkürdən qurtulmamış İrəvanı da öz məqsədləri üçün yenidən alətə çevirir. Bundan ən çox zərər görən qeyd edildiyi kimi Ermənistan özü olacaq.
Nahid SALAYEV