Azərbaycan və Gürcüstanla bağlı eyni yanlış siyasət - Qərb Cənubi Qafqazı itirir...
Avropa ilə Asiya arasında strateji bir bölgə kimi həmişə böyük güclərin diqqət mərkəzində yer alan Cənubi Qafqaz regionu uğrunda geosiyasi mübarizədə Qərb indi çoxsaylı yanlışlıqlara yol verməkdədir. Təbii ki, belə vəziyyətdə Qərbin regionda maraqlarını təmin edə bilməsi də mümkünsüz hesab olunur. Lakin bu reallıqdan hələ də Qərbdə müvafiq nəticələr çıxarılmır.
Hazırda Qərbin Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycana, həmçinin qonşu Gürcüstana qarşı yanlış siyasəti də qeyd edilənlərin real təzahürləridir. Birmənalı həqiqətdir ki, Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirlərində müstəsna qələbəsindən sonra münaqişə və separatizm qismində alətlərindən məhrum olduğu üçün daha da radikallaşan Qərb Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparır. Avropa Parlamentinin, Avropa Şurasının və digər müəyyən Qərb strukturlarının timsalında bunu görmək olar. Eyni zamanda Fransa Azərbaycana qarşı açıq düşmənçilik siyasəti yürüdür. Halbuki, Azərbaycan Qərb üçün müstəsna önəmə malikdir. Azərbaycan Avropanın enerji təchizatında mühüm rol oynayır. Ölkəmiz neft və təbii qazın Yaxın Şərq və Mərkəzi Asiyadan Avropaya nəqli üçün əsas marşrut kimi böyük əhəmiyyət kəsb edir. Eyni zamanda yaxın illərdə Azərbaycandan Avropaya yaşıl enerji dəhlizinin də uzanacağı artıq bəllidir. Bu sahə ilə bağlı hələ 2022-ci ildə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Qazaxıstan və Özbəkistan da Azərbaycan üzərindən bu dəhlizə özlərinin istehsal etdikləri bərpaolunun enerjini Qərbə ixrac edəcəklər. . Bununla yanaşı, Asiya ölkələri ilə Qərb ölkələri arasında körpü rolunu oynayan Azərbaycan 2020-ci il Qarabağ zəfərindən sonra regionun ən böyük tranzit imkanlarına malik ölkəyə çevrilib. Bir sıra istiqamətlərə gedən yollar məhz Azərbaycandan keçdiyi üçün Avrasiya region üçün strateji əhəmiyyətli logistik mərkəzə çevrilib. Bütün bunlardan faydalanan tərəflərdən biri məhz Qərbdir. Amma buna rəğmən, Qərb Azərbaycan siyasətində böyük yanlışlıqlar ayol verir. Halbuki, Azərbaycan suveren və maraqlarını təmin etməyə qadir qüdrətli dövlət olaraq milli maraqlarımızı hədəfə alan istənilən təhdidə qarşı qanuni mübarizədə qəti mövqe sərgiləyir.
Qərb regionun digər mühüm ölkəsi olan Gürcüstana münasibətdə də ciddi səhvlərə yol verir. Gürcüstana qarşı atılan son addımlar da bunu göstərir. Məlumat üçün bildirək ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas qurumun xarici işlər nazirlərinin Brüsseldəki görüşündən sonra Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılması zərurəti barədə razılığa gəlindiyini bildirib. Onun sözlərinə görə, vəziyyət gürcü xalqı üçün müsbət istiqamətdə inkişaf etmir və buna görə də Avropa İttifaqı artıq siyasi əlaqələri azaldıb və bu il Avropa Komissiyası diplomatik missiya sahibləri üçün vizasız rejimin dayandırılması təklifini təqdim edəcək. Gürcüstanın baş naziri İrakli Kobaxidze qeyd edir ki, Avropa İttifaqının xarici işlər nazirlərinin Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılmasının zəruriliyi ilə bağlı razılaşması anti-Gürcüstan siyasətinin nümunəsidir. Onun sözlərinə görə, Avropa İttifaqının xarici işlər nazirlərinin bu tövsiyəsi mahiyyət etibarilə simvolik xarakter daşıyır. Lakin bu, Gürcüstan cəmiyyətinin Avropa strukturlarına qarşı etibarını sarsıdır:
“Avropa İttifaqının Xarici Əlaqələr Şurasının verdiyi yeganə tövsiyə diplomatik pasport sahibləri üçün viza rejiminin tətbiqi prosedurunun başlanması ilə bağlıdır. Tövsiyənin mahiyyət etibarilə simvolik yükü olmasına baxmayaraq, bu, Gürcüstan cəmiyyətinin Avropa strukturlarına inamını sarsıdan, açıq-aşkar anti-Gürcüstan addımı kimi qiymətləndirilməlidir. Bu cür qərarların nəticəsidir ki, Gürcüstan cəmiyyətinin qavrayışında Avropa strukturları daimi devalvasiya yaşayır və bu, ciddi problemdir”. İrakli Kobaxidze vurğulayıb ki, Qərb tərəfindən dəstəklənən müxalifətin gürcü cəmiyyətində dəstəyi yoxdur: “Radikal müxalifət xarici havadarlarının da köməyinə baxmayaraq 800-dən çox adamı son etiraz aksiyasına çıxara bilmədi, bunu bacarmazlar da. Bununla da italyanların dediyi kimi, “komediya bitdi”. Onun sözlərinə görə, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası radikal müxalifətin ölkədə dördüncü dəfə inqilab cəhdinin qarşısını aldı: “Hər şey bitdi, radikal müxalifətin zorakılıq resursu sıfıra endirilib. Biz artıq dördüncü inqilab cəhdinin qarşısını almışıq. Dörd siyasi partiya və 10-dan çox varlı QHT-nin gücü ən çoxu 800 nəfərdir və onlar bundan artıq toplaya bilməzlər. Bitdi! “Finita la commedia” italyanların dediyi kimi”. Bunlar fonunda Qərb indi Azərbaycan və Gürcüstanla münasibətlərini təhdid altına atır, əvəzində Ermənistanda möhkəmlənməyə çalışır. Halbuki, Ermənistan Qərb üçün hansısa əhəmiyyətə malik deyil. Indilikdə isə böyük güclər arasında regionla bağlı qarşıdurma hər ötən gün daha da şiddətlənir. Son dövrlər regionda baş verən geosiyasi dəyişikliklər belə güclər arasında strateji maraq dairəsinin daha da genişlənməsindən xəbər verir. Azərbaycan və Gürcüstanla bağlı planları suya düşən Qərb artıq Ermənistana daha çox diqqət ayırmağa başlayıb. Elə erməni siyasi hakimiyyəti bütün məsələlərdə Qərbin ağzına baxmağa başlayıb. İstər Amerikanın hərbi və modul tipli AES qurmaq cəhdləri, istər Aİ-nin, xüsusən də Fransanın Ermənistana ayırdığı kreditlər və silah alveri, istərsə də siyasi bəyanatlar erməni dövlətinin Qərbin maraqlarına uyğun olaraq forposta çevrilmə yolunda irəliləməsindən xəbər verir. Təbii ki, baş verənlər Moskva tərəfindən diqqətlə izlənilir və artıq Kremlin bu vəziyyətdə Ermənistana qarşı gözlənilən tədbirləri Qərbin Cənubi Qafqazda dayağını daha sürətlə sarsıdacaq.
Tahir TAĞIYEV