Azərbaycanda 188 min kommersiya qurumunun üçdə biri fəaliyyətsizdir...
Fuad İbrahimov: “Bu o deməkdir ki, normal biznes mühiti yoxdur, işgüzar mühit formalaşa bilmir”
Azərbaycanda 65 mindən çox kommersiya qurumunun vəziyyəti qeyri-aktivdir. Dövlət Vergilər Xidmətinin məlumatına görə, dekabrın 1-nə 188 min 877 kommersiya qurumu qeydiyyatda olub. 123 min 682 kommersiya qurumunun vəziyyəti aktiv, 65 min 195-nin isə qeyri-aktiv olub. 65 mindən çox çox kommersiya qurumunun vəziyyəti qeyri-aktiv olması çox ciddi rəqəmdir.
Məlum olur ki, 10 milyonluq ölkədə 188 min sahibkar var, onun da təxminən 65 mini qeyri-aktivdir. Görünən odur ki, heç də bütün sahibkarlıq subyektləri fəaliyyət göstərə bilmir. Adları olsa da fəaliyyətləri ortada yoxdur. Niyə? Nədir bunun səbəbi?
“Bunun da əsas səbəbi onunla bağlıdır ki, sahibkarlığın inkişafına maneçilik törədirlər”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisadçı-ekspert Fuad İbrahimov bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “İstənilən fiziki və hüquqi şəxsin VÖEN alması, qeydiyyata düşməsi hansısa bir fəaliyyətin startı deməkdir. Deməyim odur ki, heç bir insan dayandığı yerdə, oturduğu halda bunu etməz. Hər hansı biznes adamı sahibkarlıq fəaliyyəti ilə məşğul olmayacaqsa, gedib qeydiyyatdan keçməz. Əgər qeydiyyatdan keçirsə, deməli hansısa ticarət-iqtisadi məqsədi var. Bu isə o deməkdir ki, hansısa fəaliyyətlə məşğul olacaq. Kommersiya qurumunun fəaliyyəti qeyri-aktivdirsə, deməli, fəaliyyətini sadəcə olaraq dayandırıb. Təəssüflər olsun ki, bəzi qurumlar, o cümlədən məmurlar yeri gələndə ölkə başçısını aldadıb saxta məlumatlar təqdim edirlər. Bu o deməkdir ki, normal biznes mühiti yoxdur, işgüzar mühit formalaşa bilmir. Bunun da əsas səbəbi onunla bağlıdır ki, sahibkarlığın inkişafına maneçilik törədirlər. Sahibkar fəaliyyətə başlamamış boğulmağa başlayır, işləməyə imkan vermirlər. İstər korrupsiya, istər müdaxilələr və istərsə də digər nöqteyi-nəzərdən vəziyyət belədir. Üstəlik, anormal şəkildə texniki şərtlərin verilməsi bahadır. Ona görə də sahibkarların 65 mini qeyri-aktivdir. Sağ olsun ki, Dövlət Vergi Xidməti heç olmasa şəffaf şəkildə bu rəqəmləri açıqlayır. Əslində istənilən sahibkarın qeydiyyatından sonra dövlət orqanları məsuliyyət daşımalıdır. Əgər fiziki və yaxud da hüquqi şəxs fəaliyyətini dayandırırsa, o zaman dövlət qurumu bunun səbəbləri ilə bağlı hesabat verməlidir. Ondan sonra mənzərə başqa cür olar. İndiki vəziyyətdə isə belə durumun yaranması arzuolunmazdır”.
Vidadi ORDAHALLI