Ölkəmizdə hər min nəfərə düşən nikahların sayı azalmaqdadır...
Neçə ildir ki, ölkədə nikahların sayında azalma müşahidə olunur. Bunu statistik rəqəmlər də sübut edir.
Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb. Maraqlıdır, nikaha girənlərin sayı niyə azalır?
Üzeyir Şəfiyev: “Gənclərin sayının azalması birbaşa nikahlara da təsir edir”
Sosioloq Üzeyir Şəfiyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, 10 il əvvəl Azərbaycanda gənclər ölkə əhalisinin 29-30 faizini təşkil edirdisə, bu gün bu rəqəm 21 faizə düşüb. Gənclərin sayının azalması birbaşa nikahlara da təsir edir: “Bununla yanaşı, gənclərin eqoist həyat tərzinə meyllənməsini müşahidə edirik. Onlar ailə qayğısını çəkmək istəmirlər. Gənclər arasında işsizlik, məşğulluq məsələləri də nikahların azalmasına təsirini göstərir. Buraya mənzil-məişət şəraitini də əlavə etməliyik. Şou-biznes və digər məşhurlar boşanmanı təbliğ edirlər: “Azərbaycanda bilirsinizmi ki, boşanan insanların partiləri təşkil olunur və oraya dəvətnamələr göndərirlər. Orada müğənnilər də təmsil olunur. Bunun təcili qarşısı alınmalıdır. İndi gənclər o stereotipləri əridiblər və həyatları ilə bağlı müstəqil qərar verirlər. Valideyn əvvəlki kimi övladına basqı göstərə bilmir. Belə məqamda dövlət işə qarışmalı, gənclərin ailə qurmasında maraqlı olmalıdır. Bunun üçün gəlir dayanıqlılığı yaratmalıdır. Sosial dəstək gücləndirilməlidir. Çünki fərdi artım Azərbaycanda ləngiyir. 2023-cü ilin statistikasına görə, 2022-ci ilə nisbətən təbii artım aşağı düşüb. Bu o deməkdir ki, yaxın gələcəkdə əmək bazarında işçi qüvvəsi çatışmayacaq. Təbii artımı mexaniki artım əvəz edəcək. Ölkəmizə miqrantların axını güclənəcək”.
Könül İsmayılova: “Gənclərimizin bu gün gec evlənmələrinin əsas səbəbi bütün gün boyu işləmələri, işdən baş açmamalarıdır”
Psixoloq Könül İsmayılova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, gənclər iqtisadi azadlıqlarını təmin etmədikləri üçün nikahagirməni, ailəqurmanı gecikdirirlər: “ Gənclərimizin bu gün gec evlənmələrinin əsas səbəbi bütün gün boyu işləmələri, işdən baş açmamalarıdır. Yəni bütün gün məşğul olmaları onlara tanışlıq üçün imkan yaratmır. Gənclərimiz ancaq universitetdən və işdən evə və əks istiqamətə hərəkət etməyə vaxt tapırlar. Yaxud həm oxuyub, həm işlədiklərindən, ya da 2 yerdə işlədiklərindən, ailə qurmaq yaddan çıxır. Digər səbəb bəzi qızların karyera pilləsinə qalxmaq arzularıdır. Bu pilləyə qalxanda da uşaq dünyaya gətirmək karyeranın müəyyən mərhələsində arzuolunan deyil. Üçüncüsü iqtisadi amildir. Gənclər iqtisadi baxımdan müstəqil olmaq istəyirlər. Buna görə də çalışırlar ki, öz iqtisadi imkanlarını yaxşılaşdırsınlar, valideynlərindən asılı olmasınlar. Dördüncüsü, gənclər arasında bir-birinə inamsızlıq var. Gənclər bir-birinə etibar etmirlər. Çox az hallarda olur ki, gənclər özü kimi düşünən, özünəuyğun adam tapa bilir".
Günel CƏLİLOVA