“Amaras” monastırı üstündə saxta erməni tarixi bir az da "dərinləşdirildi"...
Qasım Hacıyev: “Ermənilərin “Amaras” məbədi ilə bağlı təqdim etdikləri məlumatlar tamamilə saxtadır və onlar heç zaman bu məbədi erməniləşdirə bilməzlər”
Saxta tarixin heç bir xalqa baş ucalığı gətirmədiyi məlumdur. Amma erməni adlandırdığımız “hay” tayfası tarixi saxtalaşdırmağı “milli konsepsiyaya” çevirib.
2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirindən sonra haylar Qarabağdakı alban irsinə qarşı iddialarını daha da genişləndiriblər. “Amaras” məbədinin haylarla heç bir əlaqəsi olmadığı halda onlar bu məbədlə bağlı uydurma “tarix”çə düzəldiblər.
Əvvəlcə qeyd edək ki, Qafqaz Albaniyasının yepiskopluq mərkəzi olmuş Amaras şəhərinin xarabalıqları eyniadlı çayın sağ sahilində Cütcü kəndi ərazisində qalmaqdadır. Tarixi məlumatlara görə, IV əsrdə Amarasda ilk xristian məbədi tikilib və burada Alban yepiskoplarından biri dəfn edildiyindən ziyarətgaha çevrilib. Həmin qəbir indi “Amaras” kompleksindəki kilsənin minbəri altındakı sərdabədə qalıb. Bu sərdabəni 1970-ci ildə Azərbaycan arxeoloqları aşkar edib. “Amaras” monastır kompleksi IX əsrdə tikilib və sonrakı yüzillərdə dəfələrlə təmir və əlavələr edilib. Bu kompleks indiki görkəmini XIX əsrdə alıb. Sadə və aydın memarlıq obrazı olan “Amaras” monastır kompleksi Qafqaz Albaniyasının - Azərbaycanın xristian memarlığının dəyərli abidələrindən sayılır.
23 saatlıq antiterror tədbirləri nəticəsində “Amaras” monastırı kompleksi erməni işğalından azad edilib, yerli əhəmiyyətli abidə kimi maraq doğurur.
“Amaras”la bağlı gerçəklik bu olsa da, saxtakarlığa aludə olmuş hay mətbuatı bu monastırla bağlı yeni uydurmalar tirajlayıb.
İddia edirlər ki, “Amaras” monastırı guya “hay məbədidir”. Azərbayvan isə guya bu məbədi albanlaşdırır. Unudurlar ki, Azərbaycan özünə aid monastıra sahib çıxır və onu hay saxtakarlığından qoruyur. “Amaras”, guya V əsrin əvvəllərində “erməni milli əlifbasının yaradıcısı və pedaqoq” Mesrop Maştotsun “ilk erməni məktəbinin” əsasını qoyduğu “orta əsr Ermənistanının” ən məşhur monastır komplekslərindən biri olub (?).Orta əsrlərdə Ermənistan adlı dövlət vardı? Nə qədər saxtakar bir toplum olmalısan ki, tarixi bu şəkildə uydurasan. Bunu haylar yaxşı bacarır. İddia edirlər ki, tarixçi Pavstos Buzandın dediyinə görə, “monastır kompleksinin əsası IV əsrdə İşıqlandırıcı Qriqori tərəfindən qoyulub. Məbədin tikintisi həm də Xristianlığın yayılması zamanı şəhid olmuş və kilsənin şərq hissəsində dəfn edilmiş Nurçu Qriqorinin nəvəsi Müqəddəs Qriqorisin adı ilə bağlıdır”.
Yenə “Böyük Ermənistan” xülyasını işə salıblar və Vərəndə məlikliyini də bu uydurma “dövlətin” bir hissəsi kimi qələmə verirlər. Yazırlar ki, “IV əsrdə farslar monastırı dağıdıblar, lakin V əsrin sonunda mömin Vaçaqan onu bərpa edib, “Amaras”da yepiskop Qriqorisin məzarı üzərində ibadətgah ucaldır”. Mömin Vaçaqanın erməni olmadığı da gün kimi aydındır və onun erməni adlandırılması da böyük tarixi yanlışlıqdır. Bunlar özlərini gerçəkliklərdən xəbərsiz kimi aparırlar. Qədim dövrlərdə “Amaras” bölgənin ən böyük dini mərkəzlərindən biri ola bilər, amma bunun ermənilərlə nə əlaqəsi var? Ermənilər o dövrdə Qarabağda yox idilər axı.
Yenə yazırlar ki, 640-cı ildə ərəblərin Qarabağa hücumu zamanı monastır dağıdılıb, guya “şahzadə Dizak Esai 9-cu əsrdə onu bərpa edib”. Guya monastır Səlcuq türkləri və monqol-tatarlar tərəfindən böyük dağıntılara məruz qalıb.
XIII əsrdə Amaras guya monqol-tatarlar tərəfindən talan edilib. Bunlar bir şey yaddan çıxarırlar ki, türklər heç zaman məbədləri dağıtmayıb və xristianları həmişə himayə ediblər, elə ermənilər özləri Osmanlı türklərinin himayəsində yaşayıblar və günlərin birində onlara xəyanət edib yeni ağalarının xidmətinə keçiblər.
Bu iddiaları azmış kimi, hansısa qondarma mənbəyə “istinad” edib yazırlar ki, guya 1293-cü ildə Batı xan buradan müqəddəs Qriqorisin əsasını və hər birində “erməni əlifbasının hərfinin təsviri olan” 36 qiymətli daşının əks olunduğu qızıldan tökmə xaçı götürüb. Ümumiyyətlə, indiyə qədər heç bir mənbədə belə məlumat yoxdur, olsaydı onu biz də bilərdik. Eyni zamanda 1293-cü ildə Qarabağda nə erməni vardı, nə də erməni əlifbası. Guya 1387-ci ildə Əmir Teymurun qoşunları Amarasa “basqın ediblər”.
Təsəvvür edin, o qədər saxta tarixlər, saxta fkirlər irəli sürürlər ki, adam hayların “yaradıcılığına”, “icadına” təəccüblənir.
Guya XVII əsrdə türklər və farslar “Amaras”a “basqın edib” məbədə ziyan vurublar. Deyirlər ki, Vərəndə şahzadəsi Şahnəzər Amarası bərpa edib. Vərəndə mahalının da, Şahnəzərlərin də alban mənşəli olduğu məlumdur, onların bir qolunun XIX əsrdən başlayaraq erməniləşdirildiyi bir gerçəklikdir.
Guya 1913-cü ilin məlumatlarına görə, “Qarabağ yeparxiyasının” tərkibində “222 kilsə və monastır, 188 ruhani və 224 erməni yaşayış məntəqəsində yaşayan 206 min parishion fəaliyyət göstərib”.
Haylar Qafqaz Albaniyası kilsəsinin yaranma tarixini də əməlli-başlı saxtalaşdırıblar. İddia edirlər ki, Qafqaz Albaniyası kilsəsi guya V əsrdə avtokefal kimi yaradılıb və 705-ci ildə “Erməni Apostol Kilsəsinin” “tərkibinə daxil olub”. Əlbəttə, bu iddiaları da tamamilə əsassızdır. Alban kilsəsinin müstəqil kilsə olduğu və uzun əsrlər boyu mövcudluğunu qoruduğu məlumdur. Alban kilsəsinin müstəqilliyi ermənilərin Osmanlı və İran ərazisindən bizim torpaqlara köçürüldükdən sonra Çar Rusiyası tərəfindən ləğv edilib və bu kilsə erməni Qriqorian kilsəsinin tabeliyinə verilib, bundan sonra erməni Qriqorian kilsəsi özünü “apostol kilsəsi” elan edib. Halbuki, erməni kilsəsi birmənalı olaraq həvari kilsəsi deyil. Onlar buna alban kilsəsinin statusunu, sərvətlərini ələ keçirdikdən sonra nail olublar.
“Bütün dünya bilir ki, bu abidə Qafqaz Albaniyasının irsidir və onun da varisi Azərbaycan xalqıdır”
AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, erməni tarixçiləri belə nağılları Sovet dövründə uydurublar. “Ermənilərin gətirilib Qarabağda və indiki Ermənistan ərazisində yerləşdirilməsinin də əsas səbəblərindən biri o idi ki, o ərazilərdə Qafqaz Albaniyasına aid olan xristian məbədlərini, abidələrini saxtalaşdırsınlar, onları “erməni abidəsi” kimi təqdim etsinlər. Elə etdilər və bu yöndə təbliğat işi apardılar, uydurma ideologiya düzəltdilər. Ermənilər sanki “vətənlərini” tapıblar kimi toy-bayram edə-edə bizim ərazilərdə məskunlaşdılar. Ermənilər bizim ərazilərə İrandan, Türkiyədən çətinliklə köçürüldülər. Gəlmək istəmirdilər, çünki o ərazilərdə yaşayırdılar, oralara öyrəşmişdilər. Ermənilər Türkiyə ərazisində qədim dövrlərdən yaşamasalar da, İran yaylasında qədimdən yaşayırdılar, çünki farslarla qohumluqları vardı.
Amma sonradan Qriqoryan dininə mənsub olan xristianları Azərbaycanın qədim torpaqlarına köçürdülər, Qarabağ və Qərbi Azərbaycan ərazisində yerləşdirdilər. Bura köçürüləndən sonra Çar Rusiyası onlara çox böyük şərait yaratdı, ərazilər verdi, maddi vəsaitlə təmin etdi. Burda onlar öz yaşayışlarını təşkil etdilər, yaşadılar, inkişaf etdilər. Amma bu illər ərzində alban xristianlıq dövrü abidələrinin bir-bir tarixini saxtalaşdırmağa, onları “erməni abidəsi” kimi təqdim etməyə başladılar. Bu saxta məlumatları əvvəlcə erməni dilində yazdıqları kitablarda, məqalələrdə verdilər, erməniləri bu saxta məlumatlarla zəhərlədilər, sonra da yazdılar ki, bu torpaqlar ermənilərin “qədim torpaqlarıdır”. Ermənilər bu xəstə ideologiya əsasında bizə qarşı ərazi, maddi-mədəni irs iddialarına, münaqişələrə başladılar. Bütün bu hadisələr baş verdi. İndi də yenidən bu abidələr məsələsində yalandan hay-küy salırlar. Müasir erməni tarixçilərinin saxtakarlığı özlərindən əvvəlki tarixçilərin saxtakarlığından da üstündür. Daha “yeni fikirlər” söyləyirlər. Onlar “Arsax” adlandırdıqları ərazidə ermənilərin qədimdən yaşadığını sübut etmək istəyirdilərsə, hətta indi orada tarixdə olmayan, anonim Mesrop Maştotsu gətirib ora çıxarırlar, guya orda “məktəb açıb”, guya başqa xalqların da əlifbasını o “yaradıb”. Belə uydurma fikirlərlə, saxta yazılarla həm özlərini aldadırlar, həm də qonşu xalqların tarixinə, mədəniyyətinə böhtan atırlar. Ermənilər indiyə qədər minlərlə dezinformasiya, saxtalaşdırılmış məlumatlar yayıblar, amma heç kəsi inandıra bilməyiblər, inandıra bilmədikləri üçün də daha çox saxtalaşdıma ediblər, yazılar yazıblar. Ermənilər indiyə qədər yazdıqlarının heç birini sübut edə bilməyiblər. Dünya tarixçiləri bilirlər ki, Qafqaz Albaniyası azərbaycanlıların ulu əcdadlarının yaratdığı dövlətdir. Bu dövlət tarixdə Azərbaycan dövləti olaraq qəbul edilib və bu dövlət 10 əsrdən artıq mövcud olub. Bütün tarixi faktlar aydın şəkildə göstərir ki, bu ərazilədə Azərbaycan xalqının ulu əcdadları yaşayıb, bu dövlət onlara aid olub. Bu dövlətin atributları var, bu dövlətin mövcudluğu sübut edən faktlar çoxdur. Ermənilərin işlətdiyi ifadələri işlətmək istəmirəm. Çünki onların yazdıqları alimə yaraşan yazı deyil. Görünür, onların alimlərinin səviyyəsi bu cür aşağıdır ki, ağllarına gələni danışırlar. Erməni tarixçilərinin yazdıqlarının hamısı yalandır və onlar tarixi gerçəkliklər qarşısında danışmağa söz tapa bilmədikləri üçün bu cür uydurmalar yazırlar. 70 illik Sovet dövründə o ki var yalan danışdılar, kitablar yazdılar, məqalələr çap etdilər. Bunlar hamısı su üzünə çıxan çör-çöpü xatırladır, dalğa vuran kimi yox olur.
Yaxşı, bu kilsələr Qrqorian kilsəsi idisə, onda nə üçün son 30 ildə onları “bərpa” etmək adı ilə xarici görünüşünü dəyişdilər? Onların idisə bu saxtalaşdırmaya nə ehtiyac vardı? Tarixi abidəni olduğu kimi bərpa edərlər, xarici görnüşünü dəyişib saxtalaşdırmazlar ki...
Ermənilər özləri də yaxşı bilirlər ki, “Amaras” məbədi də, Qarabağdakı digər xristian kilsələri, monastırları, abidələri də Azərbaycan xalqının tarixi irsidir. “Amaras”ın ermənilərlə heç bir əlaqəsi yoxdur və Qarabağ məlikləri də erməni deyillər. Alban kilsəsi tarixən müstəqil kilsə olub və sonradan ermənilərə verilib. Bunlar faktdır. Ermənilərin bu saxtalaşdırmalarına başqa xalqlardan olan tarixçilər sərt yanaşırlar ki, bu sənin abidən idisə niyə saxtalaşdırırsan? Qarabağdakı alban kilsələrinin daxilindən tutmuş xaricinə, xaçına qədər hamısını saxtalaşdırdılar. Ermənilərin “Amaras” məbədi ilə bağlı təqdim etdikləri məlumatlar tamamilə saxtadır və onlar heç zaman bu məbədi erməniləşdirə bilməzlər. Bütün dünya bilir ki, bu abidə Qafqaz Albaniyasının irsidir və onun da varisi Azərbaycan xalqıdır”-deyə Q.Hacıyev qeyd etdi.
İradə SARIYEVA