Lerikdə 162 yaşayış məntəqəsindən yalnız 61-i qazla təmin olunub, bəs qalanı...
Dağlar diyarı Lerikdə ən çox həllini gözləyən, insanları böyük çətinlik qarşısında qoyan ən böyük çətinlik mavi yanacaq problemidir. Vəziyyət, xüsusən qış aylarında özünü daha qabarıq göstərir. Lerik dağlıq ərazidir, buranın əl-ayaq donduran şaxtalı günlərinin sayı bilinmir.
Rayonda 162 yaşayış məntəqəsi var, onlardan yalnız 61-i mavi qazla təmin olunub. Qazı olmayan kəndlərdə meşə əhalinin üzünə bağlandığına görə qışda yandırmaq üçün odun tədarükü gedib cəhənnəmı görmək əzabına bərabərdir. Qaldı ki, meşə işçilər istədiyi ağacı kəsə bilirlər. Ondan alınan oduna elə bir qiymət deyirlər onu alıb qışda yandırmaq hər kəsin işi deyildir. Digər tərəfdən kəndliyə evini isitmək üçün ulaqla çürümüş kötük, odun qırıntısı gətirməyə meşəyə girməyi qəti qadağan edilib. Amma Lerik meşələrində istər gündüz, istər gecə olsun, ağac doğrayan motorların səsi kəsilmir. Adam bir qurumuş budaq kəsəndə o dəqiqə ekologiyadan, polisdən gəlib cərimə yazırlar. Nədəsə, külli miqdarda qazanc məqsədilə cavan ağacların ömrünə vaxtsız son qoyanları görən yoxdur.
Lerikin dağ kəndlərində bu qışı sağ çıxmağa güman azdır. Qaz yox, rayonda ulaqla odun daşımaq da cinayət sayılır. Yalnız meşə işbazlardan odun almaq olar. Buna da bir qışı yola verməkdən ötrü təqribən 2000 manat pul lazımdır. Rayonda kənd əhalisinin əksəriyyəti işsizdir. Hətta adam var ailəsinə quru çörək qazanmaqda çətinlik çəkir. Bradi kənd sakini Güloğlan Babayev deyir: - Havanın şaxtası get-gedə artır. Qışı yola salmağa kifayət qədər odunumuz yoxdur. Artıq bağda olan meyvə ağaclar da yandırılıb. İllərdir belə çətin vəziyyətdəyik. Daha doğrusu, səlahiyyət sahiblərin yalan vədləri günümüzü qara edib. Necə ki, kəndə təbii qaz çəkilişini ortaya atdılar sanki hər şey üzümüzə bağlandı. Elə səlahiyyət sahiblərin göstərişi ilə yanacaq odun qalxdı qızıl qiymətinə. Ailə büdcəmiz heç cür odun almağa yetmir. Bununla bağlı çox qapı döymüşük, amma xeyri olmayıb...
Rəhim Bünyatov (Dzdipok kənd sakini) - Mən yaşlı adamam. Soyuqdan çox əziyyət çəkirəm. Tədarük etdiyim odun belə getsə, evimi isitməyə heç bir ayda çatmaz. Bütün kənd mənim günümdədir. Uzun illərdir Lerikin dağ kəndlərinə qazan çəkilışını deyirlər, iş isə görülmür. Bu, dövləti, xalqı aldatmaqdan ötrü aidiyyəti qurumların əlində yaxşı vasitədir. Hamı bilir dağ kəndlərdə qış sərt olur. Gəl ki, təbii qaz problemimiz həll olunmur.
Lerikin 101 kəndi qazsız qalıb. İndi əhali artıq mavi yanacaq probleminin həllinə heç inanmır. Çünki bu çoxdankı məsələdir. Bir də şaxta kəndlinin əl-ayağını dondurur. Prezidentin etimad göstərib xalqa xidmət etmək üçün rayona rəhbər göndərdiyi kreslo sahiblərin otaqları istidir. Odur ki, Lerik kəndlisi soyuqdan qorumağın yolunu öz doğma yurdunu qoyub getməkdə görür. Belə getsə, dağlar diyarında çox kənd tamamilə boşalacaq.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü