Hərraclarda dollara tələbatın bu qədər artmasının səbəbləri…
Əkrəm Həsənov: “İlin sonunda xarici valyutaya tələbat artır, bu, mövsümi xarakter daşıyır”
Valyuta hərraclarında dollara tələbin yenidən artması müşahidə olunub. Son 3 hərracda 241.1 milyon dollar satılıb. Noyabrın 28-də keçirilən hərracda 68.2 milyon dollar tələb yaranmışdısa, ötən ayın son günündə 77.8, dünən isə 95.1 milyon dollarlıq sifariş olub.
Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda qeyd edilir ki, hər təqvim ilinin sonlarında valyuta hərraclarında tələb adətən əvvəlki aylarla müqayisədə yüksək olur: “Nümunə olaraq, 2017-2022-ci illərdə dekabr ayında keçirilmiş valyuta hərraclarının 69%-də tələb təklifi üstələyib, ötən il dekabr ayında valyuta hərraclarda orta tələb ilin ilk 11 ayı ilə müqayisədə 43% (2021-ci ildə isə 91%) çox olub. İlin son dövründə tələbin yüksəlməsi əsasən mövsümi amillər, o cümlədən ölkədə idxal-ixrac əməliyyatları üzrə hesablaşmalar və iqtisadi aktivliyin canlanması ilə əlaqədar olur”.
“İlin sonuna yaxın biznesmenlər, sahibkarlar bağladıqları müqavilələr üzrə xarici ölkələrə ödənişlər edirlər, adətən…”
Valyuta hərracında dollara təlabatın artması barədə fikir bildirən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, adətən, ilin sonunda xarici valyutaya tələbat artır: “Bu, mövsümi xarakter daşıyır. İlin sonuna yaxın biznesmenlər, sahibkarlar bağladıqları müqavilələr üzrə xarici ölkələrə ödənişlər edirlər. Adətən, müqavilələrdə ilin sonuna yaxın ödənişlərin olması göstərilir. Buna görə də xarici valyutaya tələbat artır".
Həmsöhbətimiz onu da əlavə etdi ki, Yeni il bayramını xarici ölkələrdə keçirtmək istəyənlər xarici valyuta, dollara üstünlük verir. Çünki onlara xarici valyuta lazım olur”.
Ekspertin sözlərinə görə, hazırda dollara tələbin artması üçün heç bir makroiqtisadi əsas yoxdur.
Ə.Həsənov hesab edir ki, valyutaya tələb artırsa, bu, ümumilikdə biznes mühitinin yaxşılaşması deməkdir: “Bu artım əlavə olaraq idxal-ixrac əməliyyatları, xarici ticarət, investisiya əməkdaşlığı üçün əlverişli şərait yaradır”.
Günel CƏLİLOVA