"Ərzaq istehsalını 50 faiz artırmaq lazımdır" - FAO
Ərzaq istehsalını hazırkı səviyyə ilə müqayisədə 50 faiz artırmaq lazımdır. Trend xəbər verir ki, bunu FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Qutu "Su, enerji, qida və ekosistemlər üzrə regional əməkdaşlıq vasitəsilə iqlim fəaliyyətinin sürətləndirilməsi" adlı tədbirdə deyib.
"Biz bu çağırışların mərkəzində ərzaq və kənd təsərrüfatı olmaqla, indidən 2050-ci ilə qədər qarşılaşa biləcəyimiz beş təcili və bir-biri ilə əlaqəli böhranla üzləşirik.
Birincisi, ərzaq təhlükəsizliyi böhranı var. Hazırda 730 milyona yaxın insan aclıqdan əziyyət çəkir. 2050-ci ilə qədər dünya əhalisinin, demək olar ki, 10 milyarda çatacağı gözlənilir və biz hələ də ikinci Dayanıqlı İnkişaf Məqsədinə (DİM) nail olmaqdan uzağıq. Hər kəsi qidalandırmaq üçün ərzaq istehsalını indiki səviyyədən 50 faiz artırmaq lazımdır", - o bildirib.
Onun sözlərinə görə, ikincisi, iqlim böhranıdır. Kənd təsərrüfatı sistemləri iqlim dəyişikliyinə çox həssasdır, lakin onlar qlobal istixana qazı emissiyalarının təxminən 30 faizinə cavabdehdirlər.
"Üçüncüsü, su böhranı. Dünyada şirin suyun təxminən 70 faizi kənd təsərrüfatı ilə bağlı götürülür. Suvarma üçün su istehlakının 10 faiz artacağı, gələcəkdə isə bu göstəricinin 30 faizə qədər yüksələ biləcəyi gözlənilir ki, bu da əhəmiyyətli enerji xərcləri tələb edir.
Dördüncü böhran enerjidir. Kənd təsərrüfatı sistemləri istifadə olunan bütün enerjinin təxminən 30 faizini istehlak edir və qlobal enerji istehlakının 50 faizə qədər artacağı proqnozlaşdırılır. Və nəhayət, beşinci böhran təbiət böhranıdır. Kənd təsərrüfatı biomüxtəlifliyin itirilməsinin və torpaqların deqradasiyasının əhəmiyyətli faktorudur, baxmayaraq ki, onun davamlılığı sağlam ekosistemlərdən və münbit torpaqdan asılıdır", - o əlavə edib.