Palau kiçik ada dövlətləri üçün iqlim maliyyəsinin əlçatanlığını təmin etməyə çağırdı
İqlim dəyişiklikləri inkişaf etməkdə olan kiçik ada dövlətlərə (SIDS) ciddi zərbə vurur. Trend xəbər verir ki, bunu Palau Prezidenti Surangel Semuel Uipps COP29-da milli bəyanatla çıxışında bildirib.
"İqlim dəyişiklikləri bizim adalarımıza müdaxilə edir, ərzaq təhlükəsizliyimizə, infrastrukturumuza, iqtisadiyyatımıza, mədəniyyətimizə və hətta mövcudluğumuza təhlükə yaradır", - deyə o qeyd edib.
O, bu təsirləri qlobal sabitliyə zərbə kimi qiymətləndirib və Paris Sazişinin hədəflərinə nail olmaq və qlobal temperatur artımını 1,5°C daxilində saxlamaq üçün kollektiv iradəyə çağırıb.
Prezident, Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) iqlim maliyyəsi baxımından əhəmiyyətini vurğulayaraq, onun uyğunluğunu və kifayətliliyini təmin etməyə çağırıb.
"Bu gün başlayacağımız tədbirlər bizim sağ qalmağımız üçün həyati əhəmiyyət daşıyır", - deyə o əlavə edib.
S.S.Uipps Palaunun iqlim təşəbbüsləri, o cümlədən bərpa olunan enerji mənbələrinə keçid, təbiəti mühafizə həlləri və yerli icmaların dayanıqlığının artırılması haqqında məlumat verib. Lakin o, sənaye inkişaf etmiş ölkələrin qalıq yanacaqlardan imtina prosesini sürətləndirməsinin vacibliyini vurğulayıb.
"Palau və Cənub-Qərbi Sakit Okeanda dəniz səviyyəsi digər bölgələrə nisbətən daha sürətlə artır. 1980-ci ildən bəri dəniz səthinin temperaturu dünya üzrə orta göstəricidən üç dəfə daha sürətlə artır, dəniz istilik dalğalarının tezliyi ikiqat artıb, daha intensiv və uzun müddətli olub. Bizim məşhur meduzalarımız yoxa çıxır, mərcan rifləri ağarır və balıq populyasiyaları azalır. Bunların hamısı qalıq yanacaqlardan asılılığımızın nəticəsidir", - deyə o bildirib.
O, okean və iqlim arasında əlaqəyə xüsusi diqqət yetirilməsinə, dayanıqlı okean iqtisadiyyatının, dəniz ekosistemlərinin qorunmasının və sahilyanı ərazilərin dayanıqlığının artırılmasının vacibliyini vurğulayıb.