"Britaniya COP29 sədrliyinin "Baku Harmoniya" təşəbbüsünü alqışlayır" - Nazir
Böyük Britaniya COP29 sədrliyinin "Baku Harmoniya" təşəbbüsünü alqışlayır. Trend xəbər verir ki, bunu Böyük Britaniyanın ətraf mühit naziri Meri Kriq "COP to COP - Aqrar-sənaye kompleksinin irsi: Qlobal iqlim hədəflərinə nail olmağın açarı" mövzusunda keçirilən tədbirdə deyib.
"Biz sağlam və dayanıqlı ərzaq sistemlərinin yaradılması üçün zəruri şərt olan su təhlükəsizliyinin təmin olunmasına investisiya etməliyik. Bununla yanaşı, siyasətlərdə islahatlar aparmalı və subsidiyaları insanların, iqlimin və iqtisadiyyatların xeyrinə yönəltməliyik.
Hökumətlər hər il kənd təsərrüfatı və ərzaq sektoruna milyardlarla dollar dəstək ayırır. Lakin mövcud siyasətlərin çox vaxt ətraf mühitə zərər verən və hətta ərzaq və qidalanma təhlükəsizliyini, iqtisadi artımı və dolanışıq mənbələrini zəiflədə biləcək arzuolunmaz stimullar yaratdığına dair sübutlarımız var.
Mən BƏƏ bəyannaməsi çərçivəsində götürülmüş öhdəliklərin yerinə yetirilməsi üçün əməkdaşlıq etməyi və, həmçinin, COP30 sədrliyi dövründə Braziliyanın kənd təsərrüfatı və iqlim dəyişiklikləri üzrə gündəliyi liderliklə idarə edəcəyinə ümid edərək, onunla əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm.
Nəhayət, mən COP29 sədrliyinin məqsədlərimizi uyğunlaşdırmaq və onların birgə təsirini gücləndirmək məqsədinə yönəlmiş "Baku Harmoniya" təşəbbüsünü alqışlayıram", - deyə Meri Kriq qeyd edib.