Ədəbiyyatın gerçək leytmotivi...
Xüsusən də Sovetlər dönəminin müəyyən mərhələlərində ictimai — siyasi “maraqlar” naminə bir çox müstəvilərdə sənəti, sənətkarlığı... ifadə etməyən “yad nəsnələr” ədəbiyyatın, yaradıcılığın meyarı kimi təqdim olundu (bu gün də o “tendensiya” yaşamaqdadır)... və hətta müəyyən dəyərləndirmələr də həmin “yad nəsnələr” əsasında aparıldı, şərh olundu. Sanki sənətkarlığın meyarlarını bir çox məqamlarda mutasiyaya uğratdılar. Təbii ki, bu da ədəbiyyat baxımından yanlışlıqdan, qeyri — peşəkarlıqdan başqa heç nəyi ifadə etmədi... etmir də!
... Azacıq yaradıcılıq anlayışının mahiyyətinə bələd olan istənilən bir fərd çox gözəl şəkildə fərqində ola bilir ki, ədəbiyyat NƏDƏN yazmaq deyil, NECƏ yazmaq məsələsidir. Yəni, sənətkarlıq prosesi mövzunun seçimində, nə olmasında yox, ədəbi — idraki qatdakı bədii təqdimində, mətnin yaranma halında baş verir, meydana gəlir.
Sənətkar adına təqdir edilən bir ədəbi imzanı mövzuya görə yox, yanaşdığı mövzunu necə bir ƏDƏBİ MASŞTABda, ədəbi təfəkkürdə mətnə gətirdiyinə görə alqışlayarlar. O da ki... hələ MƏTNi yarada bilibsə. Bu məqamda fikirlərimi bir az da konkretləşdirim...
... Məsələn, hələ, keçən əsrin sonlarında bir salonda Sabir Rüstəmxanlının “Sağ ol, ana dilim” şeirinə ünvanlanan alqışlar məgər, sənət, sənətkarlıq adına ünvanlanan alqışlar idimi? Əlbəttə ki, yox. Sadəcə həmin alqışlar mövzuya yönələn alqışlar idi.
Əgər ədəbiyyatın mahiyyəti hesab edilən SƏNƏTKARLIQ meyarı ilə sözügedən məlum şeirə yanaşılsa SƏNƏT adına (məhz sənət adına!) nəinki o şeiri alqışlamaq, hətta çap etmək, təqdim etmək belə ədəbiyyatın uğursuzluğudur. Çünki (yeri gəlmişkən qeyd edim ki!) o şeir YARADICI MEXANİZMİN EMAL PRİNSİPİdən, mütləq olan bədii novatorluqdan, fundamental ƏDƏBİ TƏFƏKKÜR DƏZGAHIndan kənar olan... yalnız publisistik fikir harmoniyasından, nəql etmə prosesidən, kütləvi diqtədən, populizmdən ibarət bir sentimental ahəng vəhdətidir.
... Fikirlərimin yekunu olaraq sözümün canı odur ki, modern bir dünyada gerçək ədəbi meyarları yuxarıda qeyd etdiyim mutasiya vəziyyətindən, sənət müstəvisini isə meyarlar kimi qəbul edilən bir sıra daşlaşmış “yad nəsnələrdən”... xilas edib, ədəbiyyatı öz “ilahi genində” saxlamaq gərək. Yoxsa, hələ XRONİKİ PAFOS çox hökm sürəcək.
Emil Rasimoğlu