"Bakı çağırışı bizi yeni yanaşmaya doğru apara bilər" - Almaniya XİN rəsmisi
Bakı çağırışı bizi yeni yanaşmaya, hökumətlərlə, münaqişəyə meyilli bölgələrdən olan icmalarla, yerli aktyorlarla və BMT-nin müvafiq agentlikləri ilə tərəfdaşlığa doğru apara bilər.
Trend xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi, dövlət katibi Cennifer Morqan COP29 konfransı çərçivəsində keçirilən “İqlim və Sülh: Heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı Yüksək səviyyəli Paneldə çıxışı zamanı deyib.
O qeyd edib ki, Bakı çağırışı iqlim dəyişikliyi istiqamətində səyləri birləşdirə və təcili olaraq tədbirləri genişləndirə bilər.
"Hesab edirəm ki, ümumilikdə, biz öhdəlikdən real transformativ fəaliyyətə keçməyimizi təmin etməliyik.
Biz bəşəriyyətin təhlükəsizliyi və beynəlxalq sülh və sabitlik üçün gələcək risk və zərərdən qaçmağın açarını bilirik. Bu, emissiyaların azaldılması yoludur.
İqlim böhranının azaldılması, maliyyə, uyğunlaşma, itki və zərər nəticələrini təmin edən uğurlu COP-a sahib olmaq, burada COP Prezidentliyinə dəstək olmaq üçün hamımız çox çalışmalıyıq”,- deyə o bildirib.