"Ölkəmiz müxtəlif perspektivləri bir araya gətirən körpü rolunu oynamağa qərarlıdır" - nazirdən AÇIQLAMA
COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Dünya dini liderlərinin qlobal Bakı Sammitində bəyan edib ki, Azərbaycan bu təşəbbüslərlə qlobal səviyyədə yaşıl iqtisadiyyata keçidini dəstəkləməkdə öz liderliyini davam etdirəcək. Nazir qeyd edib ki, ölkəmizin təşəbbüsü ilə yaradılmış İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu dövlət və özəl sektorun iqlimə uyğunlaşma, onun mənfi təsirlərinin azaldılması və tədqiqat sahələrində investisiyalarını təşviq edəcək. Bu fond inkişaf etməkdə olan ölkələrdə baş verən təbii fəlakətlərin nəticələrini tez bir zamanda aradan qaldırmaq üçün maliyyələşdirmə imkanları yaradır.
Onun sözlərinə görə, iqlim dəyişikliyi, münaqişələr və həssas icmalar arasındakı qarşılıqlı təsir həm planetimizin təhlükəsizliyini, həm də cəmiyyətin harmoniyasını ciddi şəkildə təhdid edir. Ən həssas icmaları qorumaq üçün birgə həll yolları müəyyən edilməlidir. Bu səbəbdən Azərbaycan iqlim dəyişikliyinin təsirlərindən ən çox məruz qalan icmalarla dialoqu genişləndirmək məqsədilə “COP29 - İqlim və Sülh” Təşəbbüsünü irəli sürüb.
"Bizim öhdəliyimiz yalnız dialoqu təşviq etməklə məhdudlaşmır. Azərbaycan, müxtəlif perspektivləri və prioritetləri bir araya gətirən bir körpü rolunu oynamağa qərarlıdır. Şərqlə Qərbin qovuşduğu bir ölkə kimi, inkişaf etmiş, inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr arasında dialoqu asanlaşdırmaq və əməkdaşlığı gücləndirmək üçün bütün mümkün səyləri göstəririk”, - deyə Muxtar Babayev qeyd edib.
Mətləb Salahov