"Biz ölkəmizi yaşıl yolla bərpa edəcəyik" - ukraynalı nazir COP29 barədə danışdı
Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Svetlana Qrinçuk Bakıda keçiriləcək COP29 barədə danışıb. Ecopolitic.com.ua portalının yazdığına görə, xanım nazir bəyan edib ki, iqlim dəyişikliyi iqtisadiyyatın hər bir sahəsinə təsir edir və hər kəs buna uyğunlaşmalıdır. "Ölkəmizin yenidən qurulması prosesində biz baş verən dəyişiklikləri nəzərə almalı, müasir texnologiyalardan istifadə etməliyik. Artıq qlobal məqsəd müəyyən edilib - biz ölkəmizi yaşıl yolla bərpa edəcəyik. Ancaq indi biz nəinki bu barədə danışmalıyıq, həm də bu yaşıl bərpanın tam olaraq necə baş verəcəyi ilə bağlı konkret həlləri birgə işləyib hazırlamalıyıq.
Bu, Bakıda COP29-da bizim işimizin və danışıqlar mövqeyimizin əsas mesajlarından və əsas istiqamətlərindən biri olacaq. Bu platformada biz Ukrayna mühitinin məruz qaldığı itkilər və iqlim dəyişikliyi ilə qlobal mübarizə prosesi haqqında danışmalıyıq." - nazir vurğulayıb.
Mətləb Salahov